Xəbərlər

OCEP çərçivəsində "Uşaq Atletikası" yarışının final mərhələsi baş tutdu

03 noyabr 2022 485

Azərbaycan Atletika Federasiyası Avropa Atletika Federasiyası illə birgə təşkil etdiyi "Uşaq Atletikası" yarışında Olimpiya Mədəniyyəti və Təhsili Proqramına (OCEP) qoşulan 18 məktəb iştirak edib.

Yarışın 3 noyabr tarixində baş tutan final mərhələsində MOK-un vitse-prezidenti, Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə çıxış edərək bildirib ki, OCEP Beynəlxlaq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsinin dəstəyi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi o cümlədən üzv ölkələrin Milli Olimpiya Komitələrinin təşkilatçılığı ilə 2019-cu ildən həyata keçirilib. Artıq OCEP Azərbaycan brendi kimi dünyada tanınır deyən Çingiz Hüseynzadə bildirib ki, layihənin əhatəsinin genişlənməsi üçün müvafiq tədbirlər görülür. 

"Uşaq Atletikası" yarışlarının təsnifat mərhələsinin hər birində 6 məktəb olmaqla, ümumilikdə 18 məktəb iştirak edib. Hər mərhələdə ən yaxşı nəticə göstərən iki məktəb nəticədə 6 məktəb final mərhələsinə keçid şansını qazanıb.

10-12 yaşlı məktəblilər arasında keçirilən yarışda sədlərlə qaçış, topu uzağa tullama və atletikanın Formula 1 formatındakı oyunları istifadə olunub.  Birinci yeri 245 saylı, ikinci yeri 193 saylı, 3-cü yeri isə 242 saylı tam orta məktəbin şagirdləri qazanıb.

Final mərhələsində qaliblərə medallar, sertifikatlar və müxtəlif hədiyyələr, qalib komandaya isə kubok təqdim olunub.

Tədbirdə Elm və Təhsil Nazirliyinin sektor müdiri Hilal Salmanov, MOK-un Beynəlxalq Proqramlar İdarəsinin direktoru Mehman Kərimov, Atletika Federasiyasının baş katibi Məhərrəm Sultanzadə və başqa qonaqlar da iştirak edib.