Xəbərlər

OCEP məktəbliləri Qazaxıstanda səfərdə olublar

18 noyabr 2023 268

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Olimpiya mədəniyyəti və təhsil proqramı (OCEP) layihəsi çərçivəsində Bakı şəhər 36 nömrəli tam orta məktəbin müəllim və şagird heyəti, OCEP ekspert qrupunun rəhbəri Namiq Cəfərov Qazaxıstanda səfərdə olublar.

 

Məktəblilər Nazarbayev adına Beynəlxalq İntelektual məktəbə səfər zamanı bütün xarici dil və mədəniyyət bölməsi, idman zalı, həyətdə uşaqlar tərəfindən hazırlanmış yaşıl bağça, günəş enerjisi ilə işləyən panellər, fizika, kimya, riyaziyyat fənləri üzrə bölmələr, gələcəyin fənni hesab olunan robot texnika və informatika otağı ilə tanış olublar. Şagirdlər həmçinin burada asudə vaxtların səmərəli təşkili üçün nəzərdə tutulmuş foto və video hazırlıq otaqları və digər bölmələrlə də maraqlanıblar. Bundan başqa məktəb ətrafında şagirdlər tərəfindən tapılmış qədim əsrlərin qalıqları və Xəzər dənizi ətrafında tapılmış əl işləri də sərgi şəkilində nümaiş olunub. Məktəbin ən istedadlı məzunlarının şərəf lövhəsi və xarici ölkələrlə davam edən layihələr lövhəsi də diqqəti xüsusi olaraq cəlb edib. 

 

Sonra şagirdlər Nazarbayev adına Beynəlxalq İntelektual məktəbin nümayəndəsi ilə birlikdə Aktau şəhərinin Azərbaycan Konsulluğunu ziyarət ediblər. Konsul Elçin Məmmədov məktəbliləri 17 Noyabr -Milli Dirçəliş Günü münasibəti ilə təbrik edib. Səfər zamanı məktəblilərin gördükləri işlərlə bağlı müzakirələr də aparılıb. 

 

OCEP məktəbliləri daha sonra Qazaxıstanın boks üzrə London-2012 və Rio-2016 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, Asiya çempionu və dünya mükafatçısı Adilbek Niyazimbetovla görüşüblər. Görüş zamanı Adilbek Niyazimbetov məktəblilərin suallarını cavablandırıb.

 

Sonda Olimpiya mükafatçısına hədiyyələr təqdim edilib və xatirə şəkli çəkdirilib.