Xəbərlər

Olimpiya Mədəniyyəti və Təhsil Proqramı çərçivəsində Pavilyonun açılışı oldu

22 iyul 2019 655

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Bakı 2019 Əməliyyat Komitəsinin dəstəyi ilə Olimpiya Mədəniyyəti və Təhsil Proqramının Atletlər kəndində “Olimpiya Mədəniyyəti və İdman Pavilyonu”nun açılış mərasimi oldu.

Pavilyon Bakı şəhərindən seçilmiş 49 təhsil müəssisəsi vasitəsilə Atletlər Kəndində məskunlaşan 3,600 nəfərdən artıq gənc idmançı, rəsmi nümayəndə və qonaqlara Azərbaycan da daxil olmaqla bütün Avropa ölkələrinin mədəniyyəti, incəsənəti, tarixi və idmanını təqdim edir. Pavilyonun qarşıya qoyduğu digər məqsəd gənc idmançılar arasında Olimpiya dəyərləri, mədəniyyətlər arası əlaqə, sülh və dostluğu təşviq etməkdir.

Mərasimdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman naziri Azad Rəhimov. Təhsil naziri Ceyhun Bayramov, MOK-un baş katibinin müavini Azər Əliyev, üzv ölkələrin Olimpiya Komitələrinin rəsmiləri, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, müxtəlif ölkələrdən olan nümayəndə heyətləri iştirak edirdi.

Tədbirin giriş sözünü açan Çingiz Hüseynzadə dostluğu, qarşılıqlı hörməti, sülhü və mükəməlliyi özundə ehtiva edən Olimpizmin Avropa Gənclər Olimpiya Festivalında bu proqram ilə necə təşəkkül etdiyini görmək mümkün olduğunu bildirdi. Onun sözlərinə görə idmançı və məktəblilər Olimpiya dəyərlərinin təbliğində əsas aspektləri təşkil edir və bu pavilyon vasitəsi ilə həmin məvhumların reallaşdığını görmək mümkündür.

Gənclər və İdman naziri Azad Rəhimov Bakı 2019 Avropa Gənclər Yay Olimpiya Festivalının kütləvi bədən tərbiyəsi və idmanın inkişafı baxımından Azərbaycan üçün faydasından danışdı.

“Biz Avropa Gənclər Olimpiya Festivalı və Olimpiya Mədəniyyəti və Təhsil Proqramı vasitəsi ilə mümkün qədər çox uşağın idmana maraq göstərməsini və sağlam həyat tərzi sürməsini istəyirik.”

Daha sonra Təhsil naziri Ceyhun Bayramov bu proqramda məktəblər və şagirdlərin rolundan danışdı. O bildirdi ki, belə layihələr məktəblilərdə sağlam həyat tərzinin formalaşmasında, idmanda kütləviliyin təmin olunmasında, ölkələr və mədəniyyətlər arası dostluq və istedadlı gənclərin üzə çıxarılmasında misilsiz rol oynayır. Nazir, Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi ilə Təhsil nazirliyinin daha bir uğurlu və tarixi layihəyə imza atdıqlarından vurğuladı.

Rəsmi hissədən sonra nümayəndələr, idmançılar və qonaqlar pavilyon və hər bir ölkənin mədəniyyəti ilə yaxından tanış oldular. Sonda məktəblilərin hazırladıqları və müxtəlif Avropa ölkələrinin mahnı və rəqslərini tədbir nömrələr tədbir iştirakçılarına xoş ovqat bəxş etdi.