Xəbərlər

Olimpiyaçılarımız uşaqların sevincinə şərik oldular

02 iyun 2022 299

TOPs proqramı çərçivəsində Heydər Əliyev Mərkəzinin parkında 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan Uşaq Festivalında müxtəlif yarışlar və fəaliyyətlər təşkil ediblər.
Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Nərimanov rayon İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə keçirilən Festivalda uşaq evlərinin sakinləri və internat məktəblərinin şagirdləri də iştirak ediblər. 
TOPs proqramının təlimçiləri də Festivala öz töhfəsini verib. Təlimçi müəllimlər parkda yaradılmış TOPs guşəsində uşaqlar üçün müxtəlif, şən, təhlükəsiz və hamı üçün əlçatan oyunlar və idman fəaliyyətləri təşkil ediblər. Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin dəstəyi ilə TOPs guşəsində təşkil olunmuş fəaliyyətlərdə ulduz idmançılar - Yunan-roma güləşi üzrə Olimpiya mükafatçısı Rəsul Çunayev, karate üzrə Olimpiya mükafatçısı İrina Zaretska da iştirak edib. Tanınmış idmançılar uşaqlarla birgə komanda yarışlarına qatılıb, onlara sağlam həyat tərzini qorumaq üçün öz tövsiyələrini veriblər. Yüzlərlə uşaq bu fəaliyyətlərdə iştirak edib və estafet yarışının qaliblərinə medal, həmçinin müxtəlif hədiyyələr təqdim olunub. 
TOPs proqramının rəhbəri, Azərbaycan Respublikasının əməkdar müəllimi Vəli Musayev festivalın əhəmiyyətindən danışıb: “Belə kütləvi tədbirin keçirilməsi uşaqlarda birlik ruhunun formalaşmasına, onların kommunikasiya bacarıqlarının artmasına böyük dəstəkdir. Bu günkü tədbirdə iştirak edən valdeynlərin də, uşaqların da xüsusi marağını gördük. Biz də öz növbəmizdə sağlam həyat tərzini təbliğ etmək məqsədilə uşaqlarla müxtəlif idman yarışları, komanda fəaliyyətləri təşkil etdik. Olimpiya mükafatçılarımızın da bu yarışlara qoşulması uşaqlar üçün böyük sevinc, silinməz xatirələr bəxş etdi”. 
Qeyd edək ki, TOPs proqramı ümumtəhsil məktəblərində şagirdlərin hərəki bacarıqlarının inkişafını təmin edən əlverişli mühitin yaradılması, onların fiziki sağlamlığının inkişaf etdirilməsi, fiziki tərbiyə və ibtidai sinif müəllimlərinin TOPs metodologiyası vasitəsilə bilik və bacarıqlarının, fiziki tərbiyə üzrə fənn kurikulumunun tətbiqi üçün fəal tədris metodikasının təkmilləşdirilməsi məqsədilə həyata keçirilir. Metodika fiziki tərbiyədə inklüziv tədrisi təmin edən təlim metodlarını özündə birləşdirir. Layihə Təhsil Nazirliyi, “British Council”, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə tərəfdaşlığı ilə icra edilir.