Xəbərlər

“Run for Art” beynəlxalq foto müsabiqəsinin finalçılarının sərgisinin açılış mərasimi baş tutub

06 aprel 2022 273

“Run For Art” gənc fotoqraflar üçün “Culio Onesti” Fondu tərəfindən hazırlanmış beynəlxalq foto müsabiqədir. Müsabiqənin məqsədi bədii forma olan fotonun yaradıcı enerjisini və idmanın əzmini, yəni incəsənət və idmanı birləşdirməkdir.  
Müsabiqə 18-35 yaş arası, dünyanın istənilən ölkəsindən qatıla biləcək həvəskar və peşəkar fotoqraflar üçün nəzərdə tutulub. Hər müsabiqə üçün 5 fərqli aspektə görə fərqli mövzu təklif edilir: kateqoriyaların sayı simvolik olaraq 5 Olimpiya halqasını ifadə edir. İdmanda etika, müxtəliflik və inkluzivlik kimi mövzuıar idman və foto kimi universal vasitələrin köməyi ilə araşdırılır.
Müsabiqənin final mərhələsinə daxil olan 5 kateqoriyanın hər biri, ümumilikdə 40 fotoşəkil üçün, idman yarışında olduğu kimi, 8 finalçı seçilir. Fotoşəkillər incəsənət, idman və medianı təmsil edən beynəlxalq münsiflər tərəfindən seçilir.
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Baş katibi Azər Əliyev “Run for Art” beynəlxalq foto müsabiqəsinin münsiflər heyətinin üzvüdür.
Açılış mərasimində MOK-un vitse- prezidenti Çingiz Hüseynzadə, Baş katibi Azər Əliyev, Mədəniyyət Naziri Anar Kərimov, Gənclər və İdman Naziri Fərid Qayıbov və İtaliya MOK-nun vitse-prezidenti. “Culio Onesti” Fondunun idarə heyətinin üzvü, xizəksürmə üzrə keçmiş Olimpiya çempionu Klaudia Cordani iştirak edib.
“Run for Art” beynəlxalq foto müsabiqəsində beyzbol və softbol kateqoriyasında Tetsu Çi-Çinqli (Tayvan), karate kateqoriyasında Gökhan Taner (Türkiyə), skeytbordinq kateqoriyasında Maks Danlap (ABŞ), qayalara dırmanma kateqoriyasında Culia Kasu  (Fransa), sörfinq kateqoriyasında isə Ris Beyts (Avstraliya) birinci yerə layiq görülüblər. Həmyerlimiz  Nəriman Babayev (Azərbaycan) “Gənc karateçilərin yarışın açılışında nümayiş etdikləri fənd hərəkətləri” fotoşəkli isə 3-cü yer tutub. Həvəskar fotoqraf Bayram Musayev  (azərbaycan) isə skeytbordinq kateqoriyasının finalçılarından biridir.  
Açılş mərasimində iştirak edən Gökhan Taner, Culia Kasu, Nəriman Babayev və Bayram Musayev mükafatlandırılıb. Tədbir bədii hissə ilə davam edib. “Run for Art” beynəlxalq foto müsabiqəsinin finalçılarının sərgisi 6-16 aprel tarixlərində Beynəlxalq Muğam Mərkəzində nümayiş olunacaq.