Xəbərlər

Şahdağda xizək fristaylının moqul növü üzrə master-klass keçirilib

29 yanvar 2024 200

Qış İdman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin təşkilatçılığı, Yaponiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə xizək fristaylının moqul növü üzrə master-klass keçirilib.

 

Şahdağda 2 gün davam edən tədbir çərçivəsində Yaponiyadan dəvət olunan idmançılar xizəksevərlərə, o cümlədən yerli təlimçilərə idman növünün incəliklərini öyrədib, müxtəlif ekstremal fənlər nümayiş etdiriblər.

 

Son illər qış idman növlərinin inkişafında müsbət irəliləyişin olduğunu qeyd edən federasiyasının vitse-prezidenti Florian Zenqstşmid artıq Azərbaycanda da beynəlxalq xizək yarışların keçirilməsi üçün lazımi infrastrukturun yaradıldığını, paralel olaraq yerli idmançılardan ibarət xizək alpinizmi üzrə milli komandanın formalaşdırıldığını diqqətə çatdırıb. O, xizək idman növlərindən olan moqulun ölkədə tanıdılmasının yerli idmançıların yetişdirilməsinə təkan verəcəyini bildirib.

 

Master-klassın keçirilməsinin əsas məqsədinin Azərbaycanda qiş idman növlərini təşviq etmək və xizək fristaylının moqul növünü tanıtmaq olduğunu bildirən “Şahdağ” Turizm Mərkəzinin sədri Rüstəm Nəcəfov ötən ildən bu istiqamətdə Yaponiya səfirliyi və bu ölkədən olan mütəxəssislərlə aktiv işlərin aparıldığını qeyd edib. O, qarşıdakı illərdə Şahdağın bu formatlı beynəlxalq yarışları keçirmək hüququ əldə etməsi üçün əməkdaşlıq əlaqələrinin genişləndiriləcəyini vurğulayıb.

 

Yaponiyanın Azərbaycandakı səfiri Katsuya Vatanabe ölkəsinin bu sahədə qarşıya qoyduğu məqsədlərdən birinin moqul idman növünün dünyada tandılımasına dəstək vermək olduğunu bildirib. Səfir ekstremallığı ilə seçilən moqulun Azərbaycanda inkişafı, eləcə də yerli idmançıların yetişdirilməsi baxımından əlverişli infrastrukturun mövcud olduğunu qeyd edib.

 

Xizək fristaylının moqul növü 1988-ci ildən Qış Olimpiya Oyunlarına rəsmi idman növü kimi daxil edilib. Olimpiadada ekstremal idman növlərindən biri sayılan fristaylın bu növündən başqa akrobatika, ski-kross, xafpayp, sloupestayl və big air kimi növləri də mövcuddur.