Xəbərlər

Səudiyyə Ərəbistanı 20 ildən sonra İslam ölkələrini bir araya toplayacaq

04 noyabr 2025 - 15:43 20

Azərbaycan komandası Oyunlarda 20 idman növündə 169 idmançı ilə təmsil olunacaq
 

Noyabrın 7-dən 21-dək Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək VI İslam Həmrəyliyi Oyunları dünyanın 50-dən artıq müsəlman ölkəsini bir araya gətirəcək. İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) tərəfindən təşkil olunan bu mötəbər yarış təkcə idman bayramı deyil, həm də İslam aləminin birliyini, dostluq və həmrəyliyini təcəssüm etdirən böyük humanist məram daşıyır.

 

Azərbaycan komandası bu Oyunlarda 20 idman növündə 169 atletlə mübarizə aparacaq. Azərbaycan atletləri atletika (9 idmançı), 3x3 basketbol (4), boks (7), duatlon (2), qılıncoynatma (15), futzal (14), həndbol (16), ciu-citsu (5), cüdo (12), karate (6), muay tay (4), paraatletika (1), parapouerliftinq (2), üzgüçülük (12), stolüstü tennis (6), taekvondo (10), voleybol (12), ağırlıqqaldırma (9), güləş (18) və uşu (5) növlərində çıxış edəcəklər. Komanda tərkibinə əsasən, Azərbaycan ən çox idmançı ilə güləş (18), həndbol (16) və qılıncoynatma (15) növlərində təmsil olunacaq. Bundan əlavə, futzal, cüdo, voleybol və üzgüçülük komandalarımız da geniş heyətlə yarışlarda mübarizə aparacaq.

 

Azərbaycan idmançıları İslam Həmrəyliyi Oyunlarında

 

İslam Həmrəyliyi Oyunları İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) tərəfindən keçirilən beynəlxalq idman bayramıdır. İlk Oyunlar 2005-ci ildə Səudiyyə Ərəbistanında təşkil olunub. Bu yarışların əsas məqsədi müsəlman ölkələri arasında idman əlaqələrini inkişaf etdirmək, dostluq və həmrəylik münasibətlərini gücləndirməkdir.

 

İkinci Oyunların 2009-cu ildə İranda keçirilməsi planlaşdırılsa da, bir sıra səbəblərdən tədbir əvvəlcə təxirə salındı, sonra isə ləğv olundu. Üçüncü Oyunlar 2013-cü ildə İndoneziyada gerçəkləşdi və yarışlara maraq daha da artdı. 2017-ci ildə isə İslam Həmrəyliyi İdman Federasiyasının qərarı ilə IV Oyunlara Azərbaycan ev sahibliyi etdi. 2017-ci il mayın 12-dən 22-dək paytaxtımız Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları ölkəmizin idman tarixində ən parlaq səhifələrdən biri kimi yadda qaldı. 54 ölkədən 3 mindən çox idmançının mübarizə apardığı bu mötəbər yarış 21 idman növünü əhatə edirdi. Azərbaycan paytaxtı həm təşkilatçılıq səviyyəsi, həm də milli komandanın qazandığı uğurlarla beynəlxalq idman ictimaiyyətinin diqqət mərkəzinə çevrildi. Atletlər 269 dəst medal uğrunda yarışdılar və İslam həmrəyliyi, dostluq və sülh ideyaları bu Oyunlarda ən yüksək səviyyədə təcəssüm etdi.

 

Sayca beşinci İslam Həmrəyliyi Oyunları 2022-ci ildə Türkiyənin Konya şəhərində baş tutdu. Bu yarış Azərbaycan üçün xüsusilə önəmli idi. 44 günlük Vətən müharibəsindən sonra müstəqil və qalib ölkə kimi çıxış edən Azərbaycan idmançıları bayrağımızı qürurla dalğalandıraraq, həm idman, həm də mənəvi cəhətdən yeni bir zəfər tarixinin təməlini qoydular.

 

İndi isə Azərbaycan idmançılarının qarşısında növbəti sınaq - VI İslam Həmrəyliyi Oyunları dayanır. İyirmi illik fasilədən sonra Səudiyyə Ərəbistanı İslam dünyasının idmançılarını bir araya gətirərək, mötəbər idman bayramına ev sahibliyi edəcək.
Ər-Riyadda keçiriləcək bu yarışlarda Azərbaycan komandasının heyətində müxtəlif idman növləri üzrə dünya, Avropa, Olimpiya çempionları və mükafatçıları yer alıb. İdmançılarımızdan budəfəki idman bayramında da yüksək nəticələr gözlənilir. İnanırıq ki, Ər-Riyad Oyunlarında da Azərbaycan komandası bu ənənəni uğurla davam etdirərək ölkəmizin idman gücünü, peşəkarlığını və həmrəyliyə sadiqliyini bir daha nümayiş etdirəcək.

 

Qəzetimizin bu sayında Azərbaycan idmançılarının İslam Həmrəyliyi Oyunlarında qazandığı nəticələrə birgə nəzər salacağıq.
 
 

Məkkə -2005

 

İslam Konfransı Təşkilatının Səudiyyə Ərəbistanı Krallığının Məkkə və Taif şəhərlərində 1981-ci ildə keçirilmiş III sammitində İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) yaradılması haqqında qərar qəbul olundu. Federasiyanın 1985-ci ildə keçirilmiş toplantısında Şahzadə Feysəl ibn Fahd ibn Abdul Əzizin sədrlik edəcəyi İcraiyyə Komitəsi yaradıldı. ISSF-in 2000-ci ildə Ər-Riyadda keçirilmiş Baş Məclisində Sultan Fəhd Əbdul Əziz federasiyanın prezidenti seçildi. Bu hadisə ISSF-in fəaliyyətinin güclənməsinə səbəb oldu. 2005-ci ilin aprel ayında Səudiyyə Ərəbistanı Krallığında birinci İslam Həmrəyliyi Oyunlarının keçirilməsi haqqında qərar da bundan sonra qəbul olundu.

 

Birinci İslam Həmrəyliyi Oyunlarının proqramına 14 idman növü üzrə yarışlar daxil edilmişdi. Oyunlarda 55 ölkədən 3582 nəfərdən ibarət nümayəndə heyəti iştirak etdi. Bu tərkibdən 2555 nəfəri idmançılar idi. Azərbaycan nümayəndə heyətinin ümumi sayı 136 nəfər təşkil edirdi ki, bunlardan 101-i bilavasitə yarışlarda çıxış etdi. İdmançıların sayına görə ölkəmiz 10-cu oldu. Ölkəmizin yığma komandası oyunlarda 12 idman növündə - basketbol, voleybol, həndbol, su polosu, tennis, atletika, ağırlıqqaldırma, taekvondo, stolüstü tennis, karate, qılıncoynatma və üzgüçülükdə qüvvələrini sınadılar. Təşkilat Komitəsi yarışları Səudiyyə Ərəbistanının dörd şəhərinə - Məkkə, Mədinə, Ciddə və Taif şəhərlərinə salmışdı.
Müqəddəs Məkkə şəhərində atletika, həndbol, taekvondo və futbol üzrə yarışların final matçı, İslam aləminin daha bir dini mərkəzi olan Mədinə şəhərində ağırlıqqaldırma, karate, basketbol və futbol, Taifdə qılıncoynatma, tennis, stolüstü tennis, futbol, Ciddədə isə suyatullanma və üzgüçülük, futbol, voleybol, atçılıq yarışları keçirildi. İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri Məkkə şəhərinin 3 kilometrliyində yerləşən, 80 min tamaşaçı tutan kral Əbdül-Əziz stadionunda keçirildi.

 

Birinci İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi aprelin 8-də idman nümayəndə heyətlərinin paradı ilə başlandı və atəşfəşanlıqla başa çatdı. Paradda Azərbaycan nümayəndə heyəti stadiona birinci daxil oldu. Ölkəmizin üçrəngli bayrağını gənclər arasında taekvondo üzrə Avropa çempionu İlkin Şahbazov apardı.

 

Oyunlar aprelin 20-də başa çatdı. Həmin gün futbol üzrə final matçından sonra təntənəli bağlanış mərasimi keçirildi.

 

I İslam Oyunlarında Azərbaycan yığması 15 (4 qızıl, 4 gümüş, 7 bürünc) medalla 8-ci yerə sahib oldu. Oyunlarda iştirak edən 55 ölkədən 32-si medalçılar siyahısında yer aldı. Ümumi nəticəyə görə Səudiyyə Ərəbistanı idmançıları 60 (24 qızıl, 17 gümüş, 19 bürünc) medalla I, Misir idmançıları II, Qazaxıstan yığması isə III yeri tutdu.

 

Palembanq-2013

 

2013-cu il sentyabrın 22-dən oktyabrın 10-dək İndoneziyanın Palembanq şəhərində III İslam Həmrəyliyi Oyunları keçirildi.

 

Bu oyunlarda Azərbaycan 100 nəfərdən ibarət nümayəndə heyəti ilə təmsil olundu. Azərbaycan nümayəndə heyətinə Milli Olimpiya Komitəsinin və İslam Həmrəyliyi İdman Federasiyasının vitse-prezidenti Çingiz Hüseynzadə rəhbərlik edirdi. Respublikamız bu dəfə 54 idmançı ilə 9 idman növü (atletika, taekvondo, badminton, karate, uşu, üzgüçülük, tennis, ağırlıqqaldırma və kamandan oxatma) üzrə təmsil olundu.

 

Sentyabrın 22-də İndoneziyada III İslam Həmrəyliyi Oyunlarının təntənəli açılışı oldu. Azərbaycan sıra keçidində Əlcəzair komandasından sonra 2-ci oldu. Dövlət bayrağını İntiqam Zairov daşımışdır. Rəsmi açılışda Azərbaycan nümayəndə heyəti 50 nəfərlə - idmançılar, məşqçilər və idman ictimaiyyətinin nümayəndələri ilə təmsil olundu.

 

III İslam Həmrəyliyi Oyunları zamanı Bakı-2017-yə namizədliyin irəli sürülməsi məqsədilə yaradılmış Təşkilat Komitəsinin xüsusi təqdimat mərasimi keçirildi. Tədbirdə növbəti oyunlara hazırlıq işləri, ümumiyyətlə, Azərbaycan və Bakı ilə daha yaxından tanışlıq məsələləri ön plana çəkilmişdi.

 

Tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Oyunların iştirakçılarına və təşkilatçılara ünvanlanmış videomüraciəti ilə başladı.

 

Videomüraciətdə deyilirdi: “Mən sizi növbəti İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək Azərbaycanın paytaxtı Bakıdan salamlayıram. Fürsətdən istifadə edərək mən bizim namizədliyimizi dəstəkləyən və Azərbaycana etimad göstərənlərə minnətdarlığımı bildirmək istərdim. Biz idmançıların və turistlərin ölkəmizdə özlərini evlərindəki kimi hiss etmələri üçün bu oyunların tarixində ən yaxşılarından birini təşkil etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik. Azərbaycan İslam Həmrəyliyi Oyunlarına dəstək verən ölkədir. Ümumilikdə, biz müsəlman dünyasında əməkdaşlıq, tərəfdaşlıq və həmrəyliyin gücləndirilməsi kimi müsbət meylləri tam şəkildə dəstəkləyirik. Biz fəxr edirik ki, Bakı 2009-cu il üçün “İslam mədəniyyətinin paytaxtı” seçilmiş və Azərbaycanın qədim şəhəri olan Naxçıvan isə 2018-ci ildə “İslam mədəniyyətinin paytaxtı” olacaqdır.

 

Bizim artıq mühüm beynəlxalq tədbirlərin, o cümlədən dünya və Avropa çempionatlarının keçirilməsində təcrübəmiz vardır. Eyni zamanda, Bakı 2015-ci ildə keçiriləcək Avropa Oyunlarının ilk paytaxtı seçilmişdir. Daha sonra isə 2017-ci ildə biz İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəyik. Azərbaycan böyük tarixə, ənənələrə və mədəniyyətə malik bir ölkədir, sivilizasiyaların kəsişməsində yerləşir. Əsrlər boyu müxtəlif etnik qrupların və dinlərin nümayəndələri Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşamışlar. Biz fəxr edirik ki, Azərbaycan dünyanın multikulturalizm və sivilizasiyalararası dialoq paytaxtlarından biridir. Əminəm ki, bu Oyunlar xalqlarımız arasında birlik və həmrəyliyin gücləndirilməsində çox əhəmiyyətli addım olacaqdır. Əminəm ki, Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları birlik, qardaşlıq və dostluq Oyunları olacaqdır. Mən sizin hamınızı 2017-ci ildə Azərbaycanda salamlamağı səbirsizliklə gözləyirəm. Bakıda görüşənədək”.
250 qonağın toplandığı bu tədbirdə İslam Həmrəyliyi İdman Federasiyasının rəhbərliyi, yerli hökumət nümayəndələri, bu oyunlarda iştirak edən bütün Olimpiya komitələrinin rəhbərləri və digər rəsmi şəxslər iştirak edirdilər. Tədbirdə Azərbaycan və Bakı ilə bağlı nümayiş etdirilən videomaterial da qonaqların böyük diqqət və marağına səbəb oldu. Tədbir iştirakçıları Bakının hazır və tikilməkdə olan idman obyektləri haqqında, şəhərin infrastrukturu barədə ətraflı məlumat aldılar.
Sentyabrın 22-də start götürən Oyunlara oktyabrın 2-də yekun vuruldu. Yarışlarda 2500-dən çox idmançı və nümayəndə heyətinin üzvü iştirak etdi. Oyunlarda iştirak edən idmançılarımız Vətənə 24 medalla (6 qızıl, 9 gümüş, 9 bürünc) qayıtdılar. Azərbaycan medal qazanan 26 ölkə arasında 8-ci yeri tutdu.

 

Oktyabrın 2-də İndoneziyanın Palembanq şəhərində III İslam Həmrəyliyi Oyunlarının təntənəli bağlanış mərasimi keçirildi. Mərasimin sonunda Oyunların bayrağı təntənəli surətdə Azərbaycana verildi. Bayrağı Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadəyə İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti Navaf Faisal Bin Abdulaziz təqdim etdi.

 

Bakı-2017

 

2012-ci il iyunun 4-ü tarixində Azərbaycan Prezidenti İlham Əliyev ölkənin IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi üçün Bakının namizədliyinin irəli sürülməsi ilə bağlı Təşkilat Komitəsi yaradılması haqqında Sərəncam imzaladı. Təşkilat Komitəsi Bakının namizədliyi ilə bağlı tələb olunan işləri yerinə yetirdi. Bu dövrdə Bakı-2017 təqdimat kitabı hazırlandı və sənədlər İslam Həmrəyliyi İdman Federasiyasına təqdim olundu.
2013-cü il iyulun 21-dən 25-dək Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının 8-ci hesabat-seçki Baş Assambleyası keçirildi. Assambleyada Bakının namizədliyinin təqdimatı oldu. İslam Həmrəyliyi İdman Federasiyasının vitse-prezidenti Çingiz Hüseynzadə və təşkilatın İcraiyyə Komitəsinin üzvü Könül Nurullayeva Bakını təqdim etdilər. Müzakirə və çıxışlardan sonra səsvermə oldu. Assambleyada tam yekdilliklə Azərbaycanın 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi haqqında qərar qəbul edildi.

 

2015-ci aprelin 7-də IV İslam Həmrəyliyi Oyunlarına Azərbaycanın ev sahibliyi ilə bağlı müqavilənin imzalanma mərasimi keçirildi.

 

Azərbaycan Respublikasının Prezidenti 2015-ci il 18 sentyabr tarixində IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi üçün Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam verdi. Sərəncama əsasən Mehriban xanım Əliyeva Təşkilat Komitəsinin sədri seçildi.

 

2017-cı il mayın 12-də Bakı Olimpiya Stadionunda IV İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi oldu. Tamaşaçılar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi, birinci xanım və Bakı-2017 Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanı, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaymini və digər qonaqları sürəkli alqışlarla salamladılar.

 

Atletlərin paradı başladı. Paradın sonunda stadiona Müslüm Maqomayevin məşhur “Azərbaycan” mahnısının sədaları altında ev sahibi - Azərbaycan komandası daxil oldu. Azərbaycan bayrağını beşqat dünya çempionu Rafael Ağayev aparırdı.
IV İslam Həmrəyliyi Oyunları Bakıda may ayının 12-dən 22-dək keçirildi. Bakıya 54 ölkəni təmsil edən 3 mindən çox idmançı, 2000-dək komanda rəsmisi və texniki nümayəndə gəlmişdi. Bakı-2017-ni 50-dən artıq ölkədə 1 milyarddan çox tamaşaçı izlədi. Yarışları 1000-dən artıq xarici və yerli media nümayəndəsi işıqlandırdı. İdmanın 20 növü üzrə keçirilən yarışlarda atletlər 269 dəst medal uğrunda mübarizə apardılar.

 

İdmançılarımız IV İslam Həmrəyliyi Oyunlarında ümumilikdə 162 medal (75 qızıl, 50 gümüş, 37 bürünc) qazanaraq komanda hesabında birinci oldular. Türkiyə 195 medalla ikinci (71 qızıl, 67 gümüş, 57 bürünc), İran 98 medalla (39 qızıl, 26 gümüş, 33 bürünc) üçüncü, Özbəkistan 64 medalla dördüncü (15 qızıl, 17 gümüş, 31 bürünc), Bəhreyn isə 21 medalla beşinci (12 qızıl, 5 gümüş, 4 bürünc) yerdə qərarlaşdı. Ümumilikdə yarışlarda 40 ölkənin idmançıları 1600 medal qazandılar.
2017-cı il mayın 22-də Bakı Olimpiya Stadionunda IV İslam Həmrəyliyi Oyunlarının təntənəli bağlanış mərasimi oldu. Mərasimdə İslam Həmrəylik İdman Federasiyasının baş katibi Faisal Abdulaziz Al-Nasser bayrağı Türkiyə Respublikasının gənclər və idman nazirinin müavini, İstanbul-2021 İslam Həmrəyliyi Oyunlarının nümayəndəsi Kamuran Özdənə təqdim etdi.

 

Konya-2021

 

Azərbaycan idmançılarının İslam Həmrəyliyi Oyunlarındakı növbəti sınağı 2022-ci ildə Türkiyənin Konya şəhərində təşkil edilən İslamiada oldu.
Əslində, V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə keçirilməli olsa da, qlobal pandemiya səbəbindən bir il təxirə salındı. Beləliklə, avqustun 9-18-də Konya şəhəri İslam dünyasının bu mötəbər idman tədbirinə ev sahibliyi etdi. Oyunların Konyada keçirilməsi təsadüfi deyildi. Qeyd etmək olar ki, Konya şəhəri həm də İslam sivilizasiyasının mühüm mərkəzlərindən sayılır. Böyük təsəvvüf şairlərindən olan Cəlaləddin Ruminin türbəsi ziyarətgah kimi məşhurdur. Ümumiyyətlə, Konya müxtəlif mədəniyyətlərin qovuşduğu məkandır.

 

Avqustun 9-da Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak etdilər. Tamaşaçılar arenaya daxil olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı, Azərbaycan Prezidenti İlham Əliyevi, digər dövlət və hökumət başçılarını hərarətlə alqışladılar. Açılış mərasimində Azərbaycanın üçrəngli bayrağını atlet Nazim Babayev və voleybolçu Ayşən Abduləzimova apardılar.

 

Konya-2021-də 54 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 medal uğrunda mübarizə apardı. Azərbaycan komandası Oyunlarda 24 idman növünün 22-də 281 idmançı ilə təmsil olundu. Onlar ağır atletika, atıcılıq, atletika, basketbol 3x3 (qadınlar və kişilər), cüdo, futbol, güləş, gimnastika, aerobika, bədii gimnastika, həndbol (qadınlar və kişilər), karate, kikboksinq, qılıncoynatma, oxatma, para-oxatma, para-atletika, para üzgüçülük, stolüstü tennis, taekvondo, velosiped, voleybol (qadınlar və kişilər) və üzgüçülük yarışlarında güclərini sınadılar. Azərbaycan idmançıları Oyunlarda 99 medal (29 qızıl, 35 gümüş, 34 bürünc medal) qazandılar. Komandamız medalları 19 idman növündə - güləş (8 qızıl, 8 gümüş, 7 bürünc), bədii gimnastika (5 qızıl, 2 gümüş, 1 bürünc), cüdo (2 qızıl, 3 gümüş, 2 bürünc), aerobika (2 qızıl, 3 gümüş), qılıncoynatma (2 qızıl, 2 gümüş, 2 bürünc), taekvondo (1 qızıl, 2 gümüş, 2 bürünc), idman gimnastikası (1 qızıl, 2 gümüş, 1 bürünc), atletika (1 qızıl, 2 gümüş), kikboksinq (3 qızıl, 5 gümüş, 7 bürünc), üzgüçülük (1 qızıl, 1 gümüş, 1 bürünc), 3x3 basketbol (1 qızıl, 1 gümüş), stend atıcılığı (1 qızıl, 1 gümüş), ağırlıqqaldırma (1 gümüş, 3 bürünc), həndbol (1 gümüş), karate (1 qızıl, 2 gümüş, 3 bürünc), para-oxatma (2 bürünc), para-stolüstü tennis (1 bürünc), voleybol (1 bürünc) və futbolda (1 bürünc) əldə etdi.

 

Azərbaycan komandası Oyunları bu nəticə ilə 4-cü sırada başa vurdu. İlk 3 sırada medal əyarında müvafiq olaraq, Türkiyə (145 qızıl, 107 gümüş, 89 bürünc), Özbəkistan (51 qızıl, 42 gümüş, 65 bürünc) və İran (39 qızıl, 44 gümüş, 50 bürünc) komandaları qərarlaşdı. V İslam Həmrəyliyi Oyunlarında ümumilikdə 56 ölkədən 44-ü medal qazana bildi.