Skopye-2025: cüdoçularımızdan bir gündə üç qızıl medal
22 iyul 2025 - 21:52 389
Bu gün Şimali Makedoniyanın paytaxtı Skopyedə XVIII Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində cüdo yarışları start verilib.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti xəbər verir ki, ilk yarış günündə üç çəki dərəcəsində 3 cüdoçumuz tatami üzərinə çıxıb. Əsas medal ümidlərimizdən olan cüdo yarışlarının ilk günü komandamızın hər üç üzvü üçün uğurlu olub.
Təmsilçilərimizdən Gülşən Hüseynova (-44 kq), Rza Xəlilli (-50 kq) və Rəsul Əlizadə (-55 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
-50 kq çəki dərəcəsində tatami üzərinə çıxan Rza Xəlilli 1/8 finalda Angel Radevskini (Şimali Makedoniya) mübarizədən kənarlaşdırıb. Növbəti mərhələlərdə macarıstanlı Milan Szabo və böyük britaniyalı Koen Cilbertə qalib gələn idmançımız həlledici görüşə vəsiqə əldə edib.
Finalda ispaniyalı Alexandro Çiarroniyə də qalib gələn cüdoçumuz komandamıza Skopye-2025-in ilk qızıl medalını qazandırıb.
Mübarizəyə 1/4 final mərhələsindən başlayan Gülşən Hüseynova isə ardıcıl olaraq Sara Coni (Böyük Britaniya) və Livanur Kayıra (Türkiyə) qalib gələrək finala vəsiqə qazanıb. Həlledici görüşdə israilli Yuval Qabayı da üstələyən Avropa çempionatının bürünc medalçısı fəxri kürsünün ən yüksək plləsinə qalxıb.
Avropa çempionumuz Rəsul Əlizadə (-55 kq) isə 1/4 finalda Tomas Hidonu, yarımfinalda isə isveçrəli Silvano Korini məğlub edib. Həlledici görüşdə xorvatiyalı Kristian Butuçini məğlub edən Rəsul komandamıza günün üçüncü qızıl medalını qazandırıb.
Rəsul həmçinin 26 gün fərqlə Skopyedə ikinci çempionluğunu əldə edib.
Xatırladaq ki idmançımız iyunun 26-da Skopydə keçirilən Avropa çempionatında da qızıl medala sahib çıxmışdı.
EYOF-2025-in növbəti günlərində komandamızın daha 9 (4 oğlan, 5 qız) cüdoçusu tatami üzərinə çıxacaq.
Bənzər xəbərlər
Avarçəkmə və kanoe üzrə Azərbaycan birinciliyi keçirilib
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının ... Ətraflı
Mingəçevirdə keçiriləcək beynəlxalq reqata üçün 20-yə yaxın ölkə iştirakını təsdiqləyib
Mingəçevirdə keçiriləcək akademik avarçəkmə, kayak və kanoe üzrə "Prezident Kuboku-2026" ... Ətraflı




