SSRİ idman ustası Züleyxa Hacıyeva vəfat edib
03 sentyabr 2026 - 12:19 27
Azərbaycan mədəniyyəti və idman ictimaiyyətinə ağır itki üz vermişdir. Azərbaycan Respublikasının Əməkdar artisti (1979), SSRİ idman ustası (1941) və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2002) Züleyxa Hacıbaba qızı Hacıyeva 2 sentyabr 2026-cı il tarixində, ömrünün 104-cü ilində dünyasını dəyişmişdir.
Züleyxa Hacıyeva 23 avqust 1923-cü ildə anadan olmuşdur. O, 1948-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirmişdir. Z. Hacıyeva ölkəmizin idman tarixində də dərin iz buraxaraq XX əsrdə Azərbaycanın 10 ən görkəmli idmançısından biri seçilmiş, 1941–1948-ci illərdə gimnastika üzrə 7 dəfə Azərbaycan çempionu tituluna yiyələnmişdir. O, həmçinin 1952–1955-ci illərdə Bakı Şəhər Bədən Tərbiyəsi və İdman Komitəsində sədr müavini vəzifəsində çalışmışdır.
1942–1992-ci illərdə Azərbaycan Radiosunun diktoru kimi fəaliyyət göstərən Züleyxa xanım 50 illik zəngin radioculuq fəaliyyəti dövründə "Səhər gimnastikası", "Poeziya dəqiqələri", "Axşamınız xeyir" və digər sevilən verilişlərin unudulmaz aparıcısı olmuşdur.
Mərhumə ilə vida mərasimi bu gün, saat 12:00-da Təzəpir məscidində keçiriləcək və cənazəsi torpağa tapşırılacaqdır.
Azərbaycan radioculuq məktəbinin görkəmli nümayəndəsi, dəyərli sənətkar Züleyxa Hacıyevanın əziz xatirəsi xalqımızın qəlbində həmişə yaşayacaqdır.
Mərhuməyə Allahdan rəhmət, yaxınlarına və ailəsinə dərin hüznlə səbir diləyirik.