Xəbərlər

Stolüstü tennis üzrə Azərbaycan birinciliyi başa çatıb

16 aprel 2022 240

Azərbaycan Stolüstü Tennis Federasiyası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi yarışda yeniyetmə və gənc idmançılar bacarıqlarını göstəriblər. 
“Şüa” İdman – Sağlamlıq Kompleksində keçirilən birinciliyin son günündə final görüşləri olub.
Gərgin və maraqlı mübarizə ilə yadda qalan yarışın nəticələrinə əsasən 2004-2006-cı il təvəllüdlü qızların şəxsi turnirində Ləman Abdulhəmidova qalib gəlib. Zemfira Mikayılova 2-ci, Xədicə Əbilzadə ilə Səbinə Məmmədova 3-cü yeri tutub. Oğlanlar arasında baş mükafata Emin Məmmədov layiq görülüb. Kənan Pənahov gümüş, Murad Cəfərovla Hacımurad Məmmədbəyov bürünc medal qazanıb. 
Qızların qoşa yarışlarında Zemfira Mikayılova ilə Xədicə Əbilzadə, oğlanlarda isə Kənan Pənahovla Emin Məmmədov Azərbaycan çempionu olub. 
Qarışıq-qoşa yarışlarda Ləman Abdulhəmidova ilə Kənan Pənahov bütün rəqiblərinə qalib gəlib. 
Xatırladaq ki, 2004-2006-cı il təvəllüdlü qızların komanda turnirində Bakı komandası 1-ci, Şəki komandası 2-ci yeri tutub. Sumqayıt və Şabran komandaları 3-cü yeri bölüşüblər. Oğlanların mübarizəsindən də Bakı komandası qalib ayrılıb. Sumqayıt 2-ci, Salyan və Şəki tennisçiləri 3-cü yeri tutublar. 
2007-ci il təvəllüdlü və daha azyaşlı tennisçilərin yarışında qızların şəxsi mübarizəsindən Mərziyyə Nürmətova qalib ayrılıb. Aylın Əsgərova gümüş, Arzu Aslanova ilə Yağmur Məmmədli bürünc medal qazanıb. Oğlanların yarışı Adil Əhmədzadənin qələbəsi ilə yekunlaşıb. Onur Quluzadə 2-ci, Toğrul Məhəmmədovla Hüseyn Elyazov 3-cü yeri tutub. 
Qızların qoşa yarışlarında Mərziyyə Nürmətova ilə Arzu Aslanova, oğlanların mübarizəsində isə Adil Əhmədzadə ilə Rüstəm Hacılı qalib gəlib. 
Qarışıq-qoşa turnirdə Onur Quluzadə - Nigar Mahmudova tandemi çempion adına layiq görülüb. 
Qızların komanda yarışı Sumqayıt – 1 kollektivinin  qələbəsi ilə yekunlaşıb. Sumqayıt -2 komandası 2-ci yerdə qərarlaşıb. Sumqayıt – 3 və Şabran fəxri kürsünün 3-cü pilləsində yer alıb.
Oğlanların turniri isə Bakı-1 komandasının qələbəsi ilə başa çatıb. Sumqayıt -1 ikinci yerlə kifayətlənib. Bakı-2 və Şabran komandaları 3-cü pillədə qərarlaşıblar. 
Qeyd edək ki, kütləviliyi ilə seçilən budəfəki birinciliyə paytaxt tennisçiləri ilə yanaşı, Gəncə, Sumqayıt, Quba, Qusar, Şabran, Salyan, Şirvan, Şəki, Qax, Balakən, Ağstafa, Gədəbəy, Zərdab və Samuxdan ümumilikdə 150-yə yaxın idmançı qatılıb. 
Fərqlənən idmançılara Azərbaycan Stolüstü Tennis Federasiyasının mükafatları təqdim olunub. Fəxri kürsüyə yüksələn tennisçilər seçmə komandaların heyətinə cəlb olunaraq, beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək imkanı qazanacaqlar.