Xəbərlər

Tarixi zəfərin Olimpiya və idman yolu

13 noyabr 2025 - 15:55 14

Əvvəli Tarixi zəfərin Olimpiya və idman yolu adlı məqalədə

(Üçüncü yazı)

“Biz güc toplayırdıq və aydan-aya, ildən-ilə gücümüz artırdı.
...Biz gənc nəsli vətənpərvərlik ruhunda, Vətənə sevgi ruhunda tərbiyə etmişik. 
...Vətənpərvərlik, mənəvi keyfiyyətlərimiz şanlı Zəfərimizin əsas amillərindən biridir.”
 İlham ƏlLİYEV

Nəyə görə məhz Sidney Yay Olimpiya Oyunlarında yüksək nəticələrin göstərilməsinə böyük önəm verilirdi? Təbii ki, belə bir sual ortaya çıxır. Çünki Sidneydən əvvəl 1996-cı ildə Atlantada Yay  Olimpiya Oyunları keçirilmişdi və bu oyunlardan Azərbaycan idmançıları bir gümüş medalla qayıtmışdılar. 1998-2000-ci illər arasında da Azərbaycan idmanının diqqətəlayiq sayıla biləcək bir sıra uğurları olmuşdu. 
Əvvəla, Atlanta oyunlarında suverenliyini yenicə bərpa etmiş müstəqil ölkənin öz bayrağı altında Olimpiadada qazandığı ilk gümüş medal xüsusi önəm daşısa da, bu, Olimpiya zirvəsinin fəthi deyildi, yarışda ikinci yeri tutmağı təsdiq edirdi. Atlantada təltifetmə mərasimində Azərbaycan bayrağı qaldırılırdı, lakin ondan bir azca yuxarıda başqa ölkənin bayrağı həmin ölkənin himninin sədaları altında dalğalanaraq, qalxırdı. Atlantada Azərbaycan himni səsləndirilməmişdi, ayağa qalxıb sayğı duruşunda durmaq Azərbaycanın, Azərbaycan idmançısının şərəfinə deyildi. Təbii ki, bayrağımızın qalxması qürurverici idi. Lakin insanın bütün qanını coşduran, onun Vətən sevgisini alovlandıran, xalqının, idmançısının, nəhayət özünün böyüklüyünü göstərən qürur da vardır. Bu, halın, daxili vəziyyətin, insan hissinin dərəcələnməsi, qradasiyası ilə bağlıdır. “Biz güclüyük” ilə, biz hamıdan güclüyük” deyimləri arasında fərqin mövcudluğu şübhəsizdir.
İkincisi, Olimpiya Oyunları hər zaman dünyanın ən möhtəşəm tədbirlərindən biri olmuş və bu gün də dünyamiqyaslı hadisələr arasında yeganə və ranqına görə ən yüksəkdə duranıdır. 

“Bir əsrdən böyük tarixi olan müasir Olimpiya Oyunları dövrümüzün ən böyük, ən mötəbər tədbirlərindən biridir. Yalnız Olimpiya Oyunları dünyanın bütün dövlətlərini, milliyətindən, irqindən, dinindən, siyasi əqidəsindən asılı olmayaraq milyonlarla insanı bir yerə toplaya bilir. Olimpiya Oyunlarında qazanılmış nəticələr ölkənin təkcə idman sahəsindəki gücü kimi qəbul olunmur. Bu, dövlətin dünya birliyində yeri, səviyyəsi kimi də qiymətləndirilir. Onə görə də hər bir dövlət öz idmançılarının Olimpiya Oyunlarındakı çıxışına böyük əhəmiyyət verir” (İlham Əliyev 2000).
İdmana müxtəlif yanaşmalar olsa da, onu həmişə milli birliyin yaranmasında və möhkəmlənməsində mühüm bir vasitəsi hesab edirlər. Bir çox tədqiqatçılar idmanı milli hisslərin oyadılması, Vətən sevgisinin formalaşdırılmasında əvəzsiz rol oynadığını qeyd etmişlər (Grant Jarvie, 1993; Mike Cronin, David Mayall 2005; Yoongan Cho, 2009 və s.). Olimpiya Oyunları deyilənlərlə birbaşa bağlıdır. Olimpiadalarda idmançılar öz milli dövlətlərini təmsil edir, qaliblərin şərəfinə milli himnlər səsləndirilir. Bu oyunları izləyən azarkeşlər də milli simvolları əks etdirən vasitələrdən, atributlardan çox istifadə edirlər. Yarışlara milli bayraqlarla getmək, qələbədən sonra bayraqlarla meydanlara çıxmaq, ölkə himnini söyləmək bu, dövlət  atributlarına bağlılığı formalaşdırır. Belə hallarda idmanda qazanılan qələbə qalib xalq ideyasını rəmzləşdirir, qürur mənbəyinə çevrilir, xalqın beynəlxalq nüfuzunu və milli birliyini möhkəmləndirir. Ona görə də, ölkənin Olimpiya Oyunlarında iştirakına və bu oyunlarda qələbələr qazanmasına böyük diqqət verilir.
“Mən sizə deyirəm ki, yolunuz uğurlu olsun! Mən sizə deyirəm ki, sağ-salamat gedib Azərbaycana qayıdasınız! Mən sizə deyirəm ki, Azərbaycan xalqı sizi səbirsizliklə gözləyəcək və hərarətlə, təntənə ilə qarşılayacaqdır. Sizdən asılı olan isə odur ki, buraya alnıaçıq, üzüağ qayıdasınız. Mən buna inanıram və bu inamla da, sizə olan bu etibarımla da sizə cansağlığı arzu edir, beynəlxalq əhəmiyyəti olan, Azərbaycan üçün dövlət əhəmiyyəti olan bu böyük işdə böyük, böyük, böyük uğurlar arzulayıram” (Heydər Əliyev 2000).
Göründüyü kimi, ümummilli lider Olimpiadada Azərbaycan idmançılarının qələbəsini ölkə üçün dövlət əhəmiyyətli hadisə kimi dəyərləndirmişdir. İlham Əliyev də məsələyə, demək olar ki, eyni mövqedən yanaşaraq demişdir: “2000-ci ildə keçiriləcək Olimpiya Oyuynlarında medealların sayı daha da çox olacaqdır. Bizim milli komandamız bu yarışlarda daha geniş tərkibdə çıxış edəcək və biz hamımız arzulayırıq ki, Vətənə medallarla qayıtsınlar, Azərbaycanın idman şöhrətini ucaltsınlar. Sidneydə yarışacaq idmançılarımıza tövsiyəm budur ki, bir anda yaddan çıxarmasınlar ki, onların uğurları, onların əldə edəcəyi medallar təkcə özlərinə yox, həm də bütün Azərbaycan xalqına məxsusdur. Onların uğurları Azərbaycanın uğurlarıdır. Onların qələbəsi Azərbaycanın qələbəsi olacaqdır” (İlham Əliyev 10.05.2000).
Olimpiya Oyunlarında və hətta populyar olan müəyyən idman növü üzrə dünya çempionatındakı qələbənin beynəlxalq əhəmiyyətini məşhur sosioloqlar, tanınmış dövlət başçıları və adlı-sanlı hərbçilər, sərkərdələr də dönə-dönə qeyd etmişlər. Elmi ədəbiyyatda bu barədə məlumatlar az deyildir.  
Tanınmış tədqiqatçılar olan Cozef Maquayr və Con Horn idmanın siyəsətdə roluna həsr etdikləri əsərdə idman mübarizəsinin milli birliyin ifadəsi, idman nailiyyəti ilə milli qəhrəmana, xalqın kumirinə çevrilmə, dövlətin öz ideologiyasını beynəlxalq səviyyədə irəli aparmaq üçün idmandan istifadə etməsi, yeni yaranmış dövlətin müstəqilliyinin, suverenliyinin bütün dünyada təsdiqində Olimpiya Oyunlarında iştirakın və bu oyunlarda uğurlu nəticələr göstərməyin rolu haqqında geniş bəhs etmişlər. Linkoln Ellison müasir Olimpiya Oyunlarındakı qələbəni milli ruhun təcəssümü, siyasi kommunikasiyanın ən güclü vasitəsi, dövlətin öz gücünü dünya miqyasında nümayiş etdirməsi kimi dəyərləndirmişdir (L.Allison).
Alan Berner "Sport, Politics and Nationalism" kitabında idmanla siyasətin əlaqəsini, idman və milli özünütəsdiq məsələlərini müxtəlif mədəni və siyasi kontekstlər əsasında geniş təhlil etmişdir. O, idmandan dövlət ərazisini, onun sərhədlərini tanıtdırmaqda, milli birliyi nümayiş etdirməkdə vasitə kimi istifadə olunmasını şərh etmişdir (Berner A). Xankəndidə Azərbaycan kuboku uğrunda keçirilmiş futbol oyununu və bu oyunda çıxış etmiş komandalardan birinin “Qarabağ” olmasını, Azərbaycanın “Qarabağ” futbol komandasının UEFA çempionlar liqasının tanınmış komandalarından biri olması faktlarını yada salaq və bu hadisələrin reallaşması üçün İlham Əliyevin göstərdiyi səyləri, onun Azərbaycanın beynəlxalq miqyasda yüksək nailiyyətlər göstərmiş idmançılarla Xankəndidəki görüşünü bu yerdə xatırlamaq vacibdir. Əsl tarix bu cür yazılır və bu elə yazıdır ki, o damğasını, imzasını, kökünü, təsdiqini həmişə tapır, onu yalan və uydurmalarla pozmaq olmur.
Erik Danninq "Handbook of the Sociology of Sport" (İdman sosiologiyasının məlumat kitabı) əsərində sosial həmrəylik, kollektivçilik, milli birlik yaratmaqda, xalqın və xüsusən onun əhəmiyyətli, eləcə də fəal təbəqəsi olan gənclərin milli rəmzlərə münasibətinin formalaşması, həmçinin möhkəmlənməsində idmanın əvəzsiz rol oynadığını qeyd etmişdir (Dunnig E). 
C.Karlin "Invictus: Nelson Mandela and the Game That Made a Nation"  (Sarsılmaz mübariz: Nelson Mandela və xalqı birləşdirən oyun) əsərində Nelson Mandelanın milli və irqi cəhətdən parçalanmış Cənubi Afrikanı təmsil edən komandanın reqbi üzrə dünya kubokunda qazandığı qələbəni CAR-da milli birlik yaratmaq üçün istifadə etməsindən bəhs etmişdir (Bax: Carlin C.).
İlham Əliyev “Biz hazırlaşırdıq”, “Bütün sahələrdə hazırlıq olmalıdır”, “Biz güc toplayırdıq və aydan-aya, ildən-ilə gücümüz artırdı”, “Biz gənc nəsli vətənpərvərlik ruhunda, Vətənə sevgi ruhunda tərbiyə etmişik”, “Vətənpərvərlik, mənəvi keyfiyyətlərimiz şanlı Zəfərimizin əsas amillərindən biridir” deyəndə, “güc toplamaq”, “hazırlaşmaq”, vətənpərvər yetişdirmə” kimi ifadələri anlayış səviyyəsinə qaldırır, onların hər birinə geniş mənada yanaşır, bu fəaliyyətlərin kompleks xarakter daşımasını nəzərdə tuturdu və bu cür kompleks tədbirlərin içində idmana xüsusi yer ayırırdı. Əgər Nelson Mandelanın ölkədə milli birlik yaratmaq üçün bir yarışdakı qələbədən istifadə etməsinə bir kitab həsr olunubsa, ümummilli lider Heydər Əliyevin, Ali Baş komandan İlham Əliyevin Azərbaycanı Tarixi Zəfərə müxtəlif yollarla aparmasından, şübhəsiz ki, çoxsaylı tədqiqat işləri yazılmalıdır. Təbii ki, şəhidin, qazinin, komandirin, xalqın, bu xalqı təmsil edən ordunun və daha kimlərin bu zəfərdəki rolu anbaan, günbəgün öyrənilməli, yazılmalı və Vətən tarixinə həkk edilməlidir. Tarix onu tarix edənləri heç vaxt unutmamalıdır.  
Bizim eranın IV əsrində yaşamış Roma hərb tarixçisi Vegesi özünün “Hərbi işin qısa şərhi traktatında Roma legionerlərinin daim fiziki tapşırıqlarla, uzun məsafələri qət etməklə, müxtəlif təlimlərlə məşğul olmasının vacibliyini qeyd edərək yazmışdır: “Sahədəki daimi fiziki hazırlıq hər cür çətin və ağır işlərin öhdəsindən gəlmək bacarığı yaradır, əsgər üçün hərbi yürüşü adi işə çevirir. Üzmək, qaçmaq, maneəni dəf etmək bacarıqları döyüşdə əsgərin həyatını xilas edir.”
Hamını idmanla məşğul olmağa çağırmaq, bunun üçün şərait yaratmaq, idman zalları, idman kompleksləri inşa etmək, idmançıları məsul yarışlara hazırlaşdırmaq və onların bu yarışlarda iştirakını təmin etmək məşhur hərb tarixçisisinin dedikləri ilə necə də aşkar səsləşir. 
Qədim yunan tarixçisi və sərkərdəsi Ksenfont tərbiyənin Sparta sistemini təsvir edərkən onun çətin fiziki hazırlığın və idmanın əsgər üçün vacib olan vərdişlərinə, müharibənin ən ağır şərtlərinə dözmək bacarıqlarına yiyələnmək olduğunu göstərmişdir. O, fiziki gücün, dözümlülüyün döyüş ruhuna birbaşa təsir etdiyini xüsusi qeyd etmişdir. “Sağlam bədəndə, sağlam ruh olar!”  
İdman insana yalnız dözümlülük, əzmkarlıq, mübarizlik kimi keyfiyyətləri vermir, onun çox sayda başqa keyfiyyətlərin tərbiyə və təlqin olunmasında rolu böyükdür. 
“Suverenliyin zəfər yolu” kitabında oxuyuruq: “ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində “Cənab Prezident, Siz artıq qələbəni dadmısınız?” sualına cavab verərkən bildirdi ki, “Biz ərazi bütövlüyünün bərpasını demək olar ki, 30 il idi gözləyirdik… Biz onu danışıqlar masasında həll etmək istəyirdik. Lakin biz bunu döyüş meydanında etməyə hər zaman hazır idik və bunu da edirik”. Əslində, İlham Əliyev qələbə qazanmağa, xalqa onu dadızdırmağa çoxdan başlamışdı. O, ilk vaxtlar bunu idman meydançalarında sınaqdan keçirdi. İdman yarışları da özünəməxsus döyüş idi. Bunlar sülh yolu ilə həyata keçirilsə də, burada mübarizə, rəqabət, əzmkarlıq, qələbə, dövlət bayrağının dalğalandırması var idi. İdman sahəsində də qələbələri qazanmaq üçün uzunmüddətli hazırlıq, məşqlər, təlimlər vacib idi. İlham Əliyevin idman aləmində sınaqları uğurlu oldu. O, Azərbaycan gənclərində döyüşmək, qalib gəlmək ruhunu bərqərar etdi, o, beynəlxalq arenalarda dövlət bayrağımızı dalğalandırdı, Azərbaycan oğul və qızları onun rəhbərliyi ilə çempion adını qazandı, qələbə çaldı, Azərbaycan himnini səsləndirdi. 
Tanınmış sovet yazıçısı, Sovet İttifaqı Qəhrəmanı Vladimir Karpov ordu generalı İvan Yefimoviç Petrova həsr etdiyi və 1986-cı ildə SSRİ Dövlət Mükafatına layiq görülmüş “Sərkərdə” povestində idmanın müharibə zamanı döyüş qabiliyyətinə müsbət təsirindən söz açaraq yazır: “Boksçu təkcə yumruqlarından yaxşı istifadə edə bilən insan deyil, o həm də yaranmış vəziyyətdən daha tez baş çıxarmaq qabiliyyətinə adət etmiş şəxsdir. Mən rinqdə – məşqlərdə və döyüşlərdə tez fikirləşməyə öyrəşmişdim. Zərbələrin yağışı altında soyuqqanlılığı saxlamaqla saniyənin onda birində rəqibin mənə doğru uçan zərbəsini necə dəf etməyi və bu zaman özümün necə zərbə endirməyimi hesablayırdım. Bax, müharibədə kritik, ekstremal vəziyyətlərdə düşməni bir saniyənin onda biri hesabına düşüncədə qabaqlamağım tapşırıqları yerinə yetirməkdə və salamat qalmaqda mənim daimi üstünlüklərim və yardımçım idi” (İbayev V. Suverenliyin zəfər yolu. Bakı, 2025, s.327).
“Suverenliyin zəfər yolu kitabında Ali Baş Komandan İlham Əliyevin hərb meydanında, həmçinin diplomatiya,  eləcə də başqa cəbhələrdə yaranmış vəziyyətlə bağlı qəbul etdiyi qərarlar, jurnalistlərin qəfil, ikibaşlı, sətiraltı məna daşıyan suallarına bir göz qırpımında verdiyi sərrast cavablar, xalqı ayrı-ayrı sahələrdəki, o cümlədən də idmandakı inkişaf və tərəqqi ilə zəfərə aparmaq bacarıqları dünyanın ən tanınmış tarixi şəxsiyyətlərinin, sərkərdələrin, dövlət başçılarının qərarları ilə paralelləri çoxdur. Əslində, bu gün Tarixi Zəfərdən, 44 günlük müharibədən və ondan sonrakı dövrdən yazarkən, tədqiqat apararkən belə paralelləri aşkara çıxarmaq onlardan danışmaq son dərəcə vacibdir. Çünki bu, bizim tariximizdir, ümummilli lider Heydər Əliyev və Ali Baş Komandan İlham Əliyev Azərbaycanın dünyaya bəxş etdiyi və dünyanın ən böyük duhaları ilə eyni sırada duran şəxsiyyətlərdir. Onların işi, fəaliyyəti, uzaqgörənliyi, təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası, həmçinin bundan sonra hansı millətdən olmasından asılı olmayaraq öz adını, fərqi yoxdur dövlət başçısı, sərkərdə, ümumiyyətlə, dahi kimi tarixə yazdırmaq istəyən hər bir kəs üçün örnəkdir. 
Yenədə “Suverenliyin zəfər yolu” kitabından oxuyuruq: “ Ordunu müxtəlif yollarla hərbi əməliyyatlara hazırlamaq böyük sərkərdələrin uzaqgörənliyi əlamətidir. Çingizxan ordunu böyük ərazilərdə keçirdiyi ova cəlb etməklə onları hərbi məharətə hazırlayırdı. Aleksandr Melexin yazır ki, “məqsəd ovun özü deyil, daha çox döyüşçüləri vərdiş etdirmək, öyrəşdirmək, ox atmaq və tapşırıqları yerinə yetirməyi onlara mənimsətmək idi”. İlham Əliyevin rəhbərliyi altında yetişən idmançılar Vətən müharibəsi günlərində idmanda qazandıqları vərdişlər hesabına böyük qəhrəmanlıqlar nümayiş etdirərək adlarını xalqın mərd igidləri sırasına yazdılar. İdman sahəsində əldə edilmiş uğurlar İlham Əliyevi bir daha əmin etdi ki, xalqının övladları döyüş meydanlarında da qalib gəlməyə hazırdırlar, sadəcə onlara özü kimi Ali Baş Komandan lazımdır. 
2016-cı ilin Aprel döyüşlərində Ermənistanın silahlı qüvvələri üzərində qələbə sonrakı daha bir neçə qələbə üçün də zəmin oldu. Artıq döyüş meydanında qələbə qazanmaq ləzzətini Azərbaycan Ordusu da hiss etdi. Bu qələbələr döyüşçülərin mübarizliyini artırdı, onları möhkəmləndirdi. Bəli, Azərbaycan Ordusu qələbənin dadını dada-dada Şuşanın qapılarına gəlib çatmışdı. Ona görə İlham Əliyev əminliklə “biz bunu döyüş meydanında etməyə hər zaman hazır idik və bunu da edirik” – dedi. Müxbirin “Putin müdaxilə etmək istəmir. Beləliklə, Siz maneəsiz hərəkət edə bilərsiniz?” sualına cavabında İlham Əliyev bildirdi ki, “Azərbaycan demək olar ki, bütün beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamələrini əldə etməklə münaqişənin Azərbaycanın mənafeyinə həll olunması, Azərbaycanın öz torpaqlarını güc vasitəsi ilə də olsa azad etmək hüququ olması barədə hüquqi bazanı yaratmışdır. Bu cür hüquqi bazaya malik olduqdan sonra hər hansı bir dövlətin Azərbaycanın öz hüququnu reallaşdırmasına mane olması beynəlxalq hüququn pozuntusu və ədalətsizlik olardı. Bundan əlavə, Rusiya, ABŞ və Fransa dövlətləri ATƏT-in Minsk qrupunun həmsədrləri olmaqla beynəlxalq hüquqa müvafiq olaraq neytrallıq nümayiş etdirməli, münaqişə tərəflərinin hər hansı birinin mövqeyini müdafiə etməməlidirlər”. Adıçəkilən kitabda belə paralellər az deyildir (İbayev V. Suverenliyin zəfər yolu. Bakı, 2025, s.327-328).
Noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paraddakı çıxışında Azərbaycan Prezidenti Tarixi Zəfərə aparan yolları, onu reallaşdıran fəaliyyəti, Tarixi Zəfərin siyasi və hüquqi əsaslarını, başlıca amillərini qeyd etdi. 1993-cü ildən başlayaraq görülmüş işlərin, aparılmış siyəsətin əsas məqsədinin suverenliyin tam bərpası, torpaqların azad edilməsi olduğunu vurğulayan dövlət başçısı demişdir: “Hələ 2003-cü ildə ilk dəfə Azərbaycan Prezidenti vəzifəsinə seçiləndə mən bəyan etmişdim ki, nəyin bahasına olursa-olsun biz öz doğma torpaqlarımızı azad edəcəyik. Biz güc toplayırdıq və aydan-aya, ildən-ilə gücümüz artırdı. Biz beynəlxalq arenada öz səsimizi ucalda bildik. Bütün aparıcı beynəlxalq təşkilatlarda ölkəmizin münaqişə ilə bağlı mövqeyi üstünlük təşkil edirdi. Bir çox qərar və qətnamələr bizim Zəfərimizin hüquqi və siyasi əsasını təşkil edirdi”.
Tarixi Zəfərin əsas amilləri sırasında güclü iqtisadiyyatın qurulması və maliyyə imkanlarının əldə olunması, iqtisadi müstəqillik, müstəqil siyasət, ölkədə ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi, vətəndaş birliyi, xalq-iqtidar birliyi, gənc nəslin vətənpərvərlik ruhunda, Vətənə sevgi ruhunda tərbiyəsi, enerji və nəqliyyat layihələrinin uğurla həyata keçirilməsi ilə böyük coğrafiya üçün əvəzolunmaz ölkəyə çevrilmə qeyd olunmuşdur.“Bütün bu amillərlə bərabər, ordu quruculuğu hər zaman prioritet məsələ olaraq qalırdı. Biz güclü ordu, güclü Silahlı Qüvvələr yaratmışıq. Ordumuzun döyüş qabiliyyətini artırmışıq, ordumuzu ən müasir silahlarla, texnika ilə təchiz etmişik. Bütün bu və digər amillər bizim Qələbəmizi, şanlı Zəfərimizi şərtləndirmişdir” (İlham Əliyev, 08.11.2025).
Azərbaycan Tarixi Zəfərə hazırlaşaraq, göstərilən amilləri bir-biri ilə vəhdətdə ardıcıl reallaşdırmaqla getmişdir. Prezidentin çıxışında digər amillərin mövcudluğu qeyd olunur. Olimpiya Hərəkatı bu amillərdən biri olmuşdur. İdman yalnız vətənpərvərlik, milli ruhun, Vətənə sevgisinin,  mübarizliyin formalaşmasında deyil, ölkənin tanıdılmasında, beynəlxalq əlaqələrin inkişaf etdirilməsində, Azərbaycan mədəniyyətinin təbliği və dünya miqyasında yayılmasında və bir çox başqa sahələrdə özünəməxsus rol oynamışdır. Bütün bunlar Tarixi Zəfərin Olimpiya və idman yolunda öz əksini tapmalıdır. Fikrimizcə, Olimpiya və idman yolu idmançılarımızın ilk böyük qələbələri ilə başlamış və hər şeydən əvvəl, Azərbaycan oğullarının nəyə qadir olmasını ən mötəbər idman mübarizəsi meydanlarında nümayiş etdirməklə, Azərbaycanın suveren dövlət olmasını onun idmançılarının daha çox insanın izlədiyi beynəlxalq yarışlarda iştiraklı ilə təsdiq etməklə, beynəlxalq idman qurumlarının, eləcə də dünyanın adlı-sanlı idmançılarının Azərbaycanı tanıması ilə başlanmışdır. Ən başlıcası isə Olimpiya Oyunlarındakı ilk böyük qələbələr Azərbaycanda milli ruhun, mübarizlik əzminin, Vətənə məhəbbət və sevgi hissinin möhkəmlənməsində özünü göstərmişdir. 

(Ardı var)

Vəfaddin İBAYEV
hüquq üzrə fəlsəfə doktoru
Cəmaləddin RƏHMANOV
filologiya üzrə fəlsəfə doktoru