Xəbərlər

Tokio-2020: Hacı Əliyevdən gümüş medal

07 avqust 2021 992

Tokio Olimpiya Oyunlarında güləş yarışlarına yekun vurulub. Üçqat Avropa və üçqat dünya çempionumuz Hacı Əliyev medal kolleksiyasını Olimpiya "gümüş"ü ilə zənginləşdirib.

 

65 kq çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçimiz 1/8 finalda seneqallı Adama Diattayla qarşılaşıb və 8 qat Afrika çempionuna 4:0 hesabıyla qalib gəlib. 1/4 finalda dünya ikincisi və 3 qat Asiya çempionu Daulet Niyazbekovla qarşılaşan titullu güləşçimiz bu dəfə daha inamlı qələbə qazanıb - 9:1. Yarımfinalda daha bir dünya ikincisi Bacranq Punia ilə üz-üzə gələn Əliyev görüşün əvvəlindən sonunadək təşəbbüsü əldən verməyib. Yekunda güclü rəqibini 12:5 hesabıyla məğlub edən Hacı karyerasında ilk dəfə Olimpiadanın finalına yüksəlib.

 

Həlledici görüşdə rəqib 2018-ci ildə dünya çempionu olmuş Takuto Otoquro olub. Yapon güləşçiylə qarşılaşma olduqca gərgin mübarizə şəraitində keçib. Yekunda rəqibinə 4:5 hesabıyla uduzan Hacı gümüş medal qazanıb. Beləliklə, Əliyev Rio-2016-da qazandığı bürünc medaldan sonra Tokio-2020-də "gümüş"ü hesabına yazmaqla 2 qat olimpiya medalçısı olub.