Xəbərlər

Yeniyetmə badmintonçularımızdan beynəlxalq turnirdə 4 qızıl və 1 gümüş medal!

03 aprel 2023 428

Yeniyetmə badmintonçularımız İsrailin Rişon-le-Sion şəhərində keçirilən beynəlxalq "PACK LINE Israel Youth 2023" turnirində 4 qızıl və 1 gümüş medal qazanıb.

Turnirdə ən yaxşı nəticəni böyük perspektiv vəd edən yeniyetmə idmançımız Leyla Camalzadə göstərib. Leyla 15 yaşadək badmintonçuların şəxsi, qoşa və qarışıq qoşa yarışlarında qızıl medal qazanaraq mütləq çempion kimi Azərbaycan badminton tarixində ilkə imza atıb. Badmintonçumuz daha öncə ötən il Serbiyada keçirilən beynəlxalq "Youth International" turnirində də fəxri kürsüdə yer almağı bacarmışdır.

Şəxsi yarışda qrup mərhələsində keçirdiyi bütün görüşlərini qələbə ilə bitirən Leyla Camalzadə uğurlu çıxışın davamını pley-offda da gətirib. Badmintonçumuz yarımfinal və final qarşılaşmalarında qalib gələrək qızların şəxsi kateqoriyasında ən güclü olub.

Leyla Camalzadə və Qəndab Niftəlizadə 15 yaşadək qız badmintonçuların qoşa yarışında da turniri qalib başa vurub. Dairəvi sistem üzrə keçirilən bu kateqoriyada qız badmintonçularımız mütləq nəticə göstərərək qrupda birinci yerə layiq görülüb.

15 yaşadək badmintonçuların qarışıq qoşa kateqoriyasında da qızıl medal qazanan tərəf Azərbaycan təmsilçiləri olub. Əli Gözəlov-Leyla Camalzadə tandemi ardıcıl qələbələr sayəsində fəxri kürsünün ilk pilləsində yer alıb.

Daha 1 qızıl medalı hesabımıza 13 yaşadək qız badmintonçuların şəxsi yarışında Qəndab Niftəlizadə yazdırıb.

13 yaşadək badmintonçuların qarışıq qoşa yarışında isə Fərəc Kərimli və Qəndab Niftəlizadə yalnız finalda uduzaraq gümüş medal əldə edib.

Qeyd edək ki, İsrailə öncədən yollanan yeniyetmə badmintonçularımız məşqçi Yevgen Poçtaryovun rəhbəriyi altında 26-29 mart tarixlərində Aşdod şəhərində təlim-məşq toplanışında olub.

Ölkəmizdə uşaq və yeniyetmə badmintonun inkişaf strategiyasını seçən Azərbaycan Badminton Federasiyası bu məqsədlə bu idman növündə dünyanın aparıcı ölkələrin inkişaf modelindən yararlanmaq və həmin ölkələrin idmançıları ilə birgə təlim-məşq toplanışları keçirmək niyyətindədir.

Qeyd edək ki, Malayziya Badminton Federasiyası ilə qarşılıqlı əməkdaşlığa əsasən yeniyetmə badmintonçulardan ibarət milli komandamızın üzvləri Ülvi Hüseynov, Əmirxan İmanov və Əminə İsmayılova cari ilin martından başlayaraq Petronans Malayziya Badminton Akademiyasında fasiləsiz olaraq təlim məşq düşərgəsində iştirak edərək peşəkarlıq səviyyəsini artıracaq və orta təhsillərini həmin akademiyada davam etdirəcəklər. Gender bərabərliyinin təmin olunması məqsədilə yeniyətmə qızlar arasında bamdintonun kütləviliyinə nail olmaq prioritet istiqamətlərdəndir.