Xəbərlər

Zemfira Meftahətdinova: İdmançılarımız Bakıdakı dünya çempionatında öz göstəricilərini yeniləyiblər

21 avqust 2023 166

Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatı davam edir. Artıq yarışda stend və dairəvi stend atıcılıq növləri başa çatıb.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Olimpiya Komitəsinin və Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Zemfira Meftahətdinova Bakıda təşkil olunan atıcılıq üzrə 53-cü dünya çempionatı barədə danışarkən deyib.

Olimpiya çempionu bildirib ki, avqustun 23-də səngər atıcılığı üzrə yarış başlayacaq: “İdmançılarımız bu növdə də öz şanslarını sınayacaqlar. Bu gün isə 25 metrdə atıcılıq üzrə yarışlara start verilib. Bu növdə azərbaycanlı idmançılar da iştirak edirlər”.

Dünya çempionatında 31 idmançımızın mübarizə apardığını xatırladan Zemfira Meftahətdinova nəticələrin pis olmadığını söyləyib: “Onlar öz göstəricilərini yeniləyiblər. Mənə elə gəlir ki, idmançılarımız gələcəkdə bu idman növündə çox güclənəcəklər. Bakıda keçirilən yarışda dünya və olimpiya çempionları iştirak edirlər. Bu səbəbdən də dünya çempionatında qalibiyyət əldə etmək çox çətindir”.