Xəbərlər

Zöhrə Ağamirova: Avropa çempionatında medal qazanmaq mənim arzum idi

21 may 2023 198

Avropa çempionatında medal qazanmaq mənim arzum idi. Bu arzumu reallaşdırdığım üçün çox xoşbəxtəm.

Mayın 21-də Bakıda bədii gimnastika üzrə 39-cu Avropa çempionatında topla hərəkətlərdə bürünc medal qazanan Azərbaycan gimnastı Zöhrə Ağamirova deyib.

“Məşqçilərimə dərin təşəkkürümü bildirirəm, mənə dəstək olur, kömək edirlər. Gözəl dəstəyə görə tribunadakı tamaşaçılara da təşəkkür edirəm. Bu dəstək mənə əlavə güc verdi. Milli Gimnastika Arenasında gözəl ab-hava hökm sürür, Avropa çempionatı üçün zalın hazırlanması çox gözəl alınıb. Proqramı səhvsiz təqdim edə bildiyim üçün şadam. Ən maraqlısı yekun nəticəni öyrənmək üçün finalda sonuncu iştirakçının qiymətləndirilməsini gözləmək idi”, - deyə idmançımız bildirib.

Zöhrə Ağamirova onu da əlavə edib ki, dünya çempionatı ilə bağlı proqramında müəyyən dəyişikliklər oluna bilər. Bəlkə də kompozisiya daha mürəkkəb olacaq.

Qeyd edək ki, “Ulduz kimi parla” şüarı ilə keçirilən qitə çempionatında 38 ölkədən 315 gimnast (böyüklər – 191, gənclər 124) mübarizə aparır. Gənclərdən ibarət qrup komandamız çempionatın ilk günündə çoxnövçülükdə və beş topla yarışlarda bürünc medal qazanıb. Böyüklərdən ibarət komandamız da çoxnövçülükdə üçüncü olub. Gimnastımız Zöhrə Ağamirova top ilə yarışda bürünc mükafata layiq görülüb. Azərbaycanın qrup hərəkətləri komandası isə 39-cu Avropa çempionatının qalibi adını qazanıb.