Xəbərlər

Zöhrə Ağamirova: Paris Olimpiadasına lisenziya qazandığım üçün qürurlu və sevincliyəm

01 sentyabr 2023 268

İdmanda ilk uğurum karyeramın zirvəsi hesab etdiyim Tokio olimpiadasında iştirakım olub. Olimpiya Oyunlarına qatılan ilk azərbaycanlı bədii gimnast kimi tarixə düşməyim məni çox sevindirmişdi.

Bu sözləri açıqlamasında bədii gimnastika üzrə Azərbaycan milli komandasının lideri Zöhrə Ağamirova deyib.

İspaniyanın Valensiya şəhərində keçirilmiş dünya çempionatında Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanması barədə danışan

idmançı bildirib ki, Tokio Olimpiadasından sonra bir daha bu cür nüfuzlu yarışa qatılacağına ümid etmirdi: “Lakin məşqçilərimin inamı məni daha da ruhlandırdı. Onların etimadını doğrultmağa qərar verdim və lisenziya qazanmağı qarşıma məqsəd qoydum. Bu yolda İspaniyadakı dünya çempionatı mənim üçün yaxşı fürsət oldu. Çıxışlarımı uğurla yerinə yetirərək finalçılar arasına düşdüm və 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçirilməsi nəzərdə tutulan Olimpiya Oyunlarına lisenziya əldə etdim”.

Avropa çempionatının bürünc mükafatçısı, Yay Universiadasının dördqat gümüş və bürünc medalçısı bu nəticə ilə özünəməxsus rekordu yenilədiyini vurğulayıb: “Tarixdə ilk azərbaycanlı bədii gimnast kimi ikinci dəfə Olimpiadada iştirak edəcəyəm. Bu, mənim üzərimə düşən böyük məsuliyyətdir. Amma qürurlu və sevincliyəm. Ümid edirəm ki, uğurlu çıxışımla Azərbaycanı layiqincə təmsil edəcəyəm”.