Xəbərlər

Azərbaycan Avropa Olimpiya Akademiyalarının rəhbərliyində təmsil olunacaq

27 noyabr 2026 - 16:10 10

15–18 noyabr 2026-cı il tarixlərində Maltada Avropa Olimpiya Akademiyalarının (European Olympic Academies – EOA) VIII Konqresi və IX Baş Assambleyası keçirilib.

 

Tədbirdə Azərbaycan Milli Olimpiya Komitəsinin marketinq direktoru, Azərbaycan Milli Olimpiya Akademiyasının beynəlxalq proqramlar üzrə direktoru Səkinə Vəliyeva ölkəmizi təmsil edib.

 

Noyabrın 18-də keçirilən Baş Assambleya çərçivəsində təşkilatın növbəti dördillik fəaliyyət dövrü üçün rəhbər heyətinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, Səkinə Vəliyeva Avropa Olimpiya Akademiyalarının İcraiyyə Şurasının maliyyə resurslarının idarə edilməsi üzrə rəhbər üzvü (Treasurer) seçilib.

 

Bununla da Azərbaycan növbəti dörd il ərzində Avropa Olimpiya Akademiyalarının ali icraedici orqanında təmsil olunacaq. Səkinə Vəliyeva təşkilatın strateji idarəetmə, maliyyə siyasətinin formalaşdırılması, institusional inkişaf, beynəlxalq əməkdaşlıq və qərarların qəbul edilməsi proseslərində fəal iştirak edəcək.

 

Avropa Olimpiya Akademiyalarının yeni prezidenti vəzifəsinə Çexiya Olimpiya Akademiyasının nümayəndəsi Aleksandr Kliment seçilib. Yeddi nəfərdən ibarət yeni İcraiyyə Şurasında Azərbaycanla yanaşı, Çexiya, Macarıstan, Albaniya, Malta, Moldova və Yunanıstan təmsil olunur.

 

Konqres çərçivəsində Avropanın milli olimpiya akademiyaları arasında əməkdaşlığın gücləndirilməsi, olimpiya təhsilinin inkişafı, olimpiya dəyərlərinin təbliği, idman idarəçiliyində innovativ yanaşmaların tətbiqi, beynəlxalq layihələrin həyata keçirilməsi və olimpiya irsinin qorunması istiqamətində müzakirələr aparılıb.

 

Səkinə Vəliyevanın Avropa Olimpiya Akademiyalarının rəhbər heyətinə seçilməsi Azərbaycanın beynəlxalq olimpiya hərəkatındakı mövqeyinin daha da möhkəmləndirilməsi, ölkəmizin qitə səviyyəsində qərarların qəbul edilməsi proseslərində iştirakının genişləndirilməsi, eləcə də olimpiya təhsili və beynəlxalq əməkdaşlıq sahələrində yeni imkanların yaradılması baxımından mühüm əhəmiyyət kəsb edir.

 

Qeyd edək ki, Avropa Olimpiya Akademiyaları Avropa ölkələrinin milli olimpiya akademiyalarını birləşdirən, olimpiya təhsilinin inkişafına, olimpiya dəyərlərinin təbliğinə və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə xidmət edən beynəlxalq təşkilatdır. Qurum Avropa Olimpiya Komitələri (EOC), Beynəlxalq Olimpiya Komitəsi (IOC) və Beynəlxalq Olimpiya Akademiyası (IOA) ilə əməkdaşlıq edir.