Xəbərlər

AB InBev Beynəlxalq Olimpiya Komitəsinin Ümumdünya Olimpiya Tərəfdaşı oldu

15 yanvar 2024 221

Beynəlxalq Olimpiya Komitəsi (BOK) dünyanın aparıcı pivə istehsalçısı olan AB InBev-in 2028-ci ilə qədər Ümumdünya Olimpiya Tərəfdaşı (TOP Partnyor) olacağını açıqlayıb. Belə ki, Corona Cero Olimpiya Oyunlarının qlobal pivə sponsoru olacaq. 


Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax dünyanın aparıcı pivə istehsalçısı AB InBev ilə yeni tərəfdaşlığını elan etməkdən məmnun olduğunu bildirib: “Təşkilatlarımız hər zaman idmanı və idmançıları dəstəkləyir. Qlobal brend olaraq Corona Cero bütün dünyada azarkeşləri Olimpiya Oyunlarının sehrini qeyd etməyə və idmançıların idman nailiyyətlərini alqışlamağa cəlb edəcək. Olimpiya Gündəliyi-2020+5-ə uyğun olaraq, hər iki təşkilat BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə fəal töhfə verir. Bu sazişdən əldə olunan gəlir hər bir Olimpiya komandasına və onların idmançılarına dəstək olmaq üçün sərf olunacaq”.


AB InBev-in baş direktoru Mişel Doukeris isə Ümumdünya Olimpiya Tərəfdaşlığı səviyyəsində olimpiadanın ilk pivə sponsoru olmaqdan qürur duyduğunu qeyd edib: “Bu tərəfdaşlıq milyardlarla azarkeşə müsbət təsir göstərərək, onlara Olimpiya ruhunu aşılamaq, sevimli ölkələrini və idmançılarını qızıl medal qazanmaq üçün dəstəkləmək imkanını nümayiş etdirir. Biz BOK ilə əməkdaşlıq etməyi və 2024, 2026 və 2028-ci illərdə keçiriləcək Olimpiya Oyunlarını səbirsizliklə gözləyirik”.


AB InBev-in Marketinq üzrə baş direktoru Marsel Marcondes isə müqavilə ilə bağlı bunları deyib: “Kateqoriyanı inkişaf etdirmək üçün sərmayə qoymağa davam etdikcə, pivə brendlərimizi olimpiadaya gətirməkdən və bu heyrətamiz tədbirlər üçün Ümumdünya Tərəfdaşı olmaqdan məmnunuq. Corona 180 ölkədə istehlakçılara çatan və sürətlə böyüyən qlobal brendlərimizdən biridir. ABŞ-da biz aktiv həyat tərzini qeyd edən üstün yüngül pivə olan Michelob ULTRA ilə Los-Anceles 2028 Olimpiya və Paralimpiya Oyunları vasitəsilə Olimpiadaya dəstək verəcəyik”.


BOK-un Gəlirlər və Kommersiya Tərəfdaşlıqları Komissiyasının sədri Jiri Kejval isə qeyd edib ki, şirkət daha yaxşı dünya qurmaq və idmanı dəstəkləmək üçün dünyanın bəzi aparıcı şirkətlərini bir araya gətirən TOP proqramına əlavə olacaq.


Müqaviləyə həmçinin BOK-BPK uzunmüddətli əməkdaşlıq sazişi vasitəsilə Beynəlxalq Paralimpiya Komitəsi (BPK) və Paralimpiya Oyunları üçün marketinq hüquqları daxildir.