Xəbərlər

Ağırlıqqaldırma üzrə Azərbaycan Kubokuna start verilib

16 dekabr 2023 150

Şüvəlan qəsəbəsindəki Ağır Atletika Mərkəzinin yarış zalında ağırlıqqaldırma üzrə Azərbaycan Kubokunun açılış mərasimi keçirilib.

Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə start götürüb.

Açılış mərasimində çıxış edən Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov yarış iştirakçılarına uğurlar arzulayıb. O bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın ölkə idmanına göstərdiyi diqqət və qayğı nəticəsində idmançılar beynəlxalq arenalarda yeni-yeni nailiyyətlər əldə edirlər. Dadaş Dadaşbəylinin Qətərin paytaxtı Dohada keçirilmiş Qran-Pri turnirinin qalibi olmasına toxunan F. Umudov onun timsalında digər idmançıların da böyük uğurlar qazanacağını vurğulayıb.

Tədbir daha sonra bədii hissə ilə davam edib.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağırlıqqaldırma Federasiyanın birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan Kubokuna dekabrın 17-də yekun vurulacaq. Yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzdən çox atlet qüvvəsini sınayır.

Turnir həmçinin “Paris-2024” Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan Avropa çempionatında iştirak edəcək heyətin tərkibinin müəyyənləşdirilməsi xarakteri daşıyır.