Atlanta Olimpiadasına hazırlıq dövrü, Olimpiadada iştirak və sonrakı dövrlərdə idmandakı nailiyyət (1-ci hissə)
28 iyul 2026 - 17:02 249
19 iyul - 4 avqust 1996
İştirak etmiş ölkələrin sayı - 197
İdman növləri - 26
Yarışların sayı - 271
İdmançıların sayı - 10318 (6806 - kişi, 3512 - qadın)
Azərbaycanın müasir Olimpiya Hərəkatı tarixi sadəcə yarış protokollarından, nəticələrdən və medalların sayından ibarət deyil. Bu, həm də bir ölkənin müstəqillik əldə etdikdən sonra beynəlxalq idman arenasına uğurla qoşulmaq hekayəsidir. XX əsrin son onilliyi Azərbaycan üçün həm dövlət müstəqilliyinin bərpası, həm də ağır sınaqlar dövrü idi. Belə bir mürəkkəb tarixi şəraitdə idman ölkənin beynəlxalq arenada tanınması, üçrəngli bayrağımızın ucaldılması və dövlət himnimizin səsləndirilməsi üçün ən uğurlu vasitəyə çevrildi. Bu baxımdan Azərbaycanın idman tarixində silinməz iz qoyan 1996-cı il Atlanta Oyunları sadəcə bir yarış deyil, suveren dövlətin öz kimliyini dünya idman ailəsinə təqdim etdiyi “vizit kartı” idi. Bu dövrü əvvəlki və sonrakı olimpiadalarla müqa yisə etmək, ölkənin idman strategiyasının necə təkamül etdiyini anlamağa imkan verir. Azərbaycanın Olimpiya yolu kəmiyyət və keyfiyyət dəyişiklikləri ilə xarakterizə olunur. Azərbaycan idmançıları Barselona-1992 Olimpiadasında MDB-nin birləşmiş komandası tərkibində iştirak edirdi. Azərbaycan cüdoçusu Nazim Hüseynovun Barselona Olimpiadasında qazandığı qızıl medal ölkəmizin potensialını göstərsə də, bu uğur hələ müstəqil dövlətin aktivinə tam yazıla bilmirdi.
Barselona zəfərindən sonra Azərbaycan idmanı dərin bir sınaq dövrünə qədəm qoydu. 1992-1995-ci illər ölkə daxilindəki siyasi qeyri-sabitlik, Ermənistanın hərbi təcavüzü və iqtisadi böhran idman infrastrukturuna da ağır zərbə vurmuşdu. Nazim Hüseynovun qələbəsi bir parlaq şimşək kimi çaxsa da, onun ardınca gələn sistemli inkişaf yox idi. İdmançılarımız ölkəni tərk edir, məşq şəraiti pisləşirdi. Lakin məhz bu illərdə Milli Olimpiya Komitəsinin fəaliyyətinin yenidən qurulması və beynəlxalq arenada tanınma prosesi sürətləndi. Azərbaycan artıq öz bayrağı ilə təmsil olunacağı günü gözləyirdi.
1996-cı il Atlanta Oyunları Azərbaycan üçün sadəcə növbəti Olimpiada deyil, Barselonadakı o tarixi qələbədən sonra əsl milli qayıdış idi. Əgər Nazim Hüseynovun 1992-ci il uğuru fərdi istedadın və sovet idman məktəbinin son əks-sədası idisə, Atlanta-1996 müstəqil dövlətin öz gücünü sıfırdan nümayiş etdirmək cəhdi idi. Atlanta Oyunlarına hazırlıq mərhələsində Azərbaycan artıq bir dövlət kimi öz Olimpiya komandasını formalaşdırmışdı. Heyətdə 23 idmançının yer alması o dövrün şərtləri daxilində böyük bir nailiyyət idi. Bu dəfə idmançılarımız Olimpiya kəndinə üzərində Azərbaycan gerbi və bayrağı olan geyimlərdə daxil oldular.
Atlantada qazanılan hər bir nəticə, xüsusilə Namiq Abdullayevin finala qədər yüksəlməsi Azərbaycanın müstəqil dövlət kimi dünya idman ailəsində yerini möhkəmlətməsinə şərait yaratdı. Bu Olimpiadanın əhəmiyyəti Namiq Abdullayevin gümüş medalı ilə ilk müstəqil bayrağımızın yüksəlməsi idi. Bu medal rəsmi protokollarda birbaşa “Azerbaijan” yazısının qarşısında qeyd olunan ilk Olimpiya medalı kimi tarixə düşdü. Bununla da Azərbaycan idmanı Atlantada öz fərdi və müstəqil tarixini yazmağa başladı. Bu keçid, ölkə idmanının gələcək (Sidney, Afina və s.) inkişaf modelinin təməlini qoydu. Namiq Abdullayevin gümüş medalı ilə yanaşı, Atlanta Olimpiadasında iki idmançımız beşinci, bir idmançımız yeddinci, bir idmançımız səkkizinci, üç idmançımız isə onuncu yeri tutdu.
Olimpiya Oyunlarında 8 idman növündə 23 idmançı ilə təmsil olunan Azərbaycan komandası 197 ölkə arasında medalların əyarına görə 61-ci, sayına görə isə 64-cü pillədə qərarlaşdı. Avropa Olimpiya Komitələrinə üzv olan 48 dövlət arasında medalların həm əyarına, həm də sayına görə 32-ci pillənin sahibi olan Azərbaycan, postsovet dövlətləri arasında isə medalların həm əyarına, həm də sayına görə 8-ci pilləni tutdu.
Bənzər xəbərlər
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Dünya Güləş Birliyinin ... Ətraflı
Dünya çempionatı: Azərbaycan güləşçisi Elmir Çərkəzov bürünc medal qazanıb
Azərbaycanın yunan-Roma güləşçisi Elmir Çərkəzov Bakıda təşkil olunan U-17 dünya ... Ətraflı


















