Xəbərlər

Azərbaycan komandası Dakar-2026-nı 6 medalla başa vurub

13 noyabr 2026 - 15:32 51

Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunları Azərbaycan komandası üçün başa çatıb.

 

Oyunların sonuncu günündə komandamızın sonuncu təmsilçisi Abbas Hüseynov qılıncoynatmanın sablya növündə mübarizəyə qoşulub. İdmançımız qrup mərhələsində keçirdiyi ilk görüşdə sinqapurlu Auw Eştona məğlub olsa da, sonrakı qarşılaşmalarda türkiyəli Candeniz Berrak, seneqallı Cibril Queye, islandiyalı Ari Conasson, iraqlı Hayder Əl-Əsadi və qazaxıstanlı Aibar Kaıym üzərində qələbə qazanıb. Lakin növbəti mərhələdə gürcüstanlı Giorgi Uruşadzeyə uduzan qılıncoynadanımız mübarizəni dayandırıb.

 

Beləliklə, Azərbaycan komandası Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarını 3 qızıl və 3 gümüş olmaqla, ümumilikdə 6 medalla başa vurub.

 

Qızıl medalları cüdoçu İbrahim Talıbov (-55 kq), eləcə də çimərlik güləşçiləri Tunar Quliyev (70 kq) və Elgün Kərimli (90 kq) qazanıblar. Çimərlik güləşçimiz Nihad Süleymanlı (80 kq), taekvondoçu Adil Kazımlı (-73 kq) və boksçu Gülər Hüseynova (51 kq) isə Oyunların gümüş medalına sahib olublar.