Xəbərlər

Avarçəkmə üzrə Azərbaycan birinciliyi keçiriləcək

19 fevral 2026 - 14:56 27

Fevralın 27-28-də Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı ilə avarçəkmənin akademik, kayak və kanoe növləri üzrə Azərbaycan birinciliyi keçiriləcək.

 

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat xidmətindən Olimpnews.az-a verilən məlumata görə, Mingəçevirdə, “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutacaq yarış handikap sistemi üzrə olacaq. İdmançılar fərdi olaraq bir nəfərlik qayıqlarla akademik avarçəkmədə 4000 metr, kayak və kanoedə isə 2000 metr məsafə qət edəcəklər. Qaliblər vaxt göstəricilərinə əsasən müəyyənləşəcək.

 

Azərbaycan birinciliyində Bakı və Mingəçevirdən 2008-2013-cü il təvəllüdlü ümumilikdə 80 idmançı mübarizə aparacaq. Qaliblər diplom və medallarla mükafatlandırılacaqlar. Fərqlənən idmançılar Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr ediləcək  “Prezident Kuboku-2026” və digər beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcək komandanın heyətinə cəlb olunacaq.