Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası Füzulidə start götürəcək
23 sentyabr 2026 - 10:30 25
Gənclər və İdman Nazirliyi (GİN) ilə Azərbaycan Su İdmanı Növləri Federasiyasının (AWSF) birgə təşkilatçılığı əsasında sentyabrın 29-dan oktyabrın 1-dək avarçəkmə və kanoe üzrə “Mingəçevir Reqatası-2026” beynəlxalq turniri keçiriləcək.
Azərbaycan Su İdmanı Növləri Federasiyasından bildirilib ki, ənənəvi reqata ikinci dəfə Füzulidə - Köndələn su anbarında start götürəcək.
Sentyabrın 29-da Füzulidə yarışların rəsmi açılış mərasimi, kayak və kanoe üzrə 200 metr məsafəyə yürüşlər baş tutacaq. Həmçinin Füzuli sakinləri, xüsusən uşaq və yeniyetmələr üçün maraqlı şoular, əyləncəli viktorinalar təşkil olunacaq. Həvəskar kayak qayıqlarında avar çəkmək imkanı yaradılacaq.
Növbəti iki gün reqata Mingəçevirdə yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində (OTİM) davam edəcək. Burada bütün növlər üzrə yarışlar keçiriləcək və qaliblər müəyyənləşəcək.
Mingəçevir Reqatasında 12 ölkə – Azərbaycan, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı mübarizə aparacaq.
Xatırladaq ki, 2022-ci ildən etibarən Azərbaycan Su İdmanı Növləri Federasiyası ardıcıl olaraq Suqovuşan, Köndələnçay su anbarlarında avarçəkmə və kanoe üzrə “Prezident Kuboku” və “Mingəçevir Reqatası” kimi beynəlxalq yarışlar keçirir. Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin təşəbbüsü ilə bu il ilk dəfə olaraq Sərsəng su anbarında beynəlxalq yarış keçirilib. Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş “Prezident Kuboku-2026” reqatasının ilk günü Sərsəngdə baş tutub.
Bənzər xəbərlər
MOK-da Yunanıstanın Azərbaycandakı səfiri ilə görüş olub
Sentyabrın 22-də Milli Olimpiya Komitəsinin inzibati binasında (MOK) Yunanıstan Respublikasının ... Ətraflı
Atletimiz dünya çempionatında iştirak edib
Azərbaycanın atletika millisinin üzvü Anna Yusupova Danimarkanın paytaxtı Kopenhagendə keçirilən ... Ətraflı