Xəbərlər

Avropa birinciliyində uğurla çıxış edən atletlərimiz vətənə qayıdıblar

05 noyabr 2025 - 19:34 25

Albaniyanın Dürres şəhərində keçirilmiş Avropa birinciliyində uğurla çıxış edən atletlərimiz vətənə qayıdıblar.

 

Heydər Əliyev Beynəlxalq Hava Limanında komandamızı idman ictimaiyyətimizin üzvləri və media nümayəndələri qarşılayıblar. Təntənəli qarşılanma mərasimindən sonra Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov, Avropa birinciliyinin qalibi Ravin Alməmmədov və qitə miqyaslı yarışın gümüş mükafatçısı Tehran Məmmədov jurnalistlərin suallarını cavablandırıblar:

 

Firdovsi Umudov: Həm Ravin Alməmmədov, həm də Tehran Məmmədov onlara bəslənən ümidləri doğrultdular. Bildiyiniz kimi Avropa birinciliyində gənclərin yarışında sonuncu dəfə 10 il əvvəl qızıl medal qazanmışdıq. Ravin bu uğuru təkrarlamaqla yanaşı, Avropa birinciliyinin rekordunu da müəyyənləşdirdi və bu federasiya olaraq doğru yolda olduğumuzun göstəricisidir. Yarış zamanı Ermənistan idmançısının fəxri kürsüdəki davranışlarına gəlincə. Bununla bağlı suallara da aydınlıq gətirmək istərdim. Əvvəla onu bildirim ki, biz hər zaman idmançılarımıza, xüsusən də gənclərə hər hansı təxribat xarakterli davranışlara uymamağı aşılayırıq. Erməni atletin mükafatlandırma mərasimində idmançı etikasına zidd hərəkətinin müqabilində biz soyuqqanlı davranış nümayiş etdirdik. Mükafatlandırma mərasimi bitən kimi yarışın təşkilat komitəsinə narazılığımızı bildirdik. Ədalət naminə deməliyik ki, mərasimdən sonra Ermənistan Ağırlıqqaldırma Federasiyası rəhbərlik səviyyəsində bizi təbrik etdi və baş vermiş hadisəyə görə üzrxahlığını ifadə etdi. Bununla belə Dövlət və onun rəmzlərinə münasibətdə səhv davranışa güzəşt edə bilmərik. Tərəfimizdən Avropa Ağırlıqqaldırma Federasiyasının rəhbərliyi və yarışın müvafiq komitəsinə baş vermiş hadisə ilə bağlı narazılığımızı əvvəlcə şifahi, daha sonra yazılı formada bildirdik. Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti Kamran Nəbizadə məsələyə dərhal reaksiya verdi və Avropa Ağırlıqqaldırma Federasiyası rəhbərliyinə rəsmi məktub ünvanlandı. İnanırıq ki, bu məsələyə münasibətdə ən ədalətli qərar veriləcək və oxşar hallar təkrarlanmayacaq. Bir daha qeyd etmək istəyirəm ki, bizim təmsil olunduğumuz heç bir yarışda Azərbaycanın adına, Dövlət rəmzlərinə xələl gətirilə bilməz. Azərbaycan və Ermənistan arasındakı bütün suallara 5 il öncə aydınlıq gəldi və biz indi sülhə doğru addımlayırıq. Fürsətdən istifadə edib qarşıdan gələn Zəfər Günü münasibətilə xalqımızı təbrik edirəm. Qoy bayrağımız hər zaman ucalarda dalğalansın. 
Ravin Alməmmədov: İlk olaraq federasiya rəhbərliyinə və məşqçilərimə minnətdarlığımı bildirmək istəyirəm. Mənim qələbəmdə onların zəhməti böyükdür. Rəqibin kimliyi mənim üçün əhəmiyyət daşımır. Məqsədimiz qələbə qazanmaq idi və bunu bacardım. İnanıram ki rəqiblərim üçün müəyyənləşdirdiyim rekordu yeniləmək elə də asan olmayacaq.

 

Tehran Məmmədov: Bu yarışa çox ciddi hazırlaşmışdıq. Ötən Avropa birinciliyindəki səhvlərimizdən doğru nəticələr çıxardıq və vətənə medallarla qayıtdıq. Başa düşürük ki, daha çox çalışmaq lazımdır. Bu idman növündə daim inkişaf dinamikası olmalıdır. Rəqiblər də ciddi hazırlaşır, yerimizdə saya bilmərik. Çalışacam ki böyüklərin də yarışında fəxri kürsüdə yer alım.  

 

Qeyd edək ki, ağırlıqqaldırma üzrə yığma komandamız Avropa birinciliyində ümumilikdə 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıb.