Xəbərlər

Avropa çempionu “Sabah” basketbol klubunun baş məşqçisi təyin olunub

30 yanvar 2024 125

Tanınmış basketbol mütəxəssisi, Olimpiya və Avropa çempionu Rimas Kurtinaytis “Sabah” komandasının baş məşqçisi təyin olunub.

63 yaşlı litvalı mütəxəssislə 1,5 illik müqavilə imzalanıb.

Avropa basketbol tarixinin ən yaxşı “shooter”lərindən hesab olunan Rimas Kurtinaytis oyunçu kimi “Jalgiris” (Litva), ÇSKA (Rusiya) və “Real Madrid” (İspaniya) klublarının şərəfini qoruyub.

Rimas Kurtinaytis üç dəfə Avropa Kubokunu qazanan yeganə məşqçi kimi adını tarixə yazdırıb. 2008-2009-cu illər mövsümündə “Letuvos Ritas” (Litva), 2011-2012 və 2014-2015-ci illər mövsümlərində isə “Ximki” (Rusiya) klubu ilə Avropa Kubokunun qalibi olub. O, 2010-2011-ci illər mövsümündə “Ximki” klubu ilə VTB Liqasının çempionu olub. Kurtinaytisin məşqçi kimi hesabında VTB Liqasında 100-dən çox qələbə var.

Litvalı basketbol mütəxəssisi 2002-2006-cı illərdə Azərbaycan millisi və Bakının “Qala” klubunun baş məşqçisi olub.