Xəbərlər

Avropa Olimpiya Akademiyalarının Konqresi öz işinə başlayıb

08 noyabr 2023 188

Noyabrın 8-də Litvanın paytaxtı Vilnüsdə Avropa Olimpiya Akademiyalarının (AOA) Konqresi öz işinə başlayıb. Tədbirdə Azərbaycan Milli Olimpiya Akademiyasının vitse-prezidenti, Olimpiya çempionu Fərid Mansurov və Milli Olimpiya Komitəsinin Beynəlxalq Proqramlar İdarəsinin əməkdaşı Ceyhun Rəhmanov da iştirak edir. 
Konqresin ilk günündə sülh, müharibə və insan hüquqları, Olimpiya Hərəkatının məsuliyyəti haqqında müzakirələr aparılıb. 
Sonra münsiflər heyəti və AOA prezidenti Manfred Laemmer Avropa Olimpiya Akademiyasının Məşəl mükafatlarının qaliblərini elan edib. 

 

AOA Məşəl Mükafatı Olimpiya Təhsili, Ukrayna Olimpiya Akademiyası tərəfindən Ümumukrayna Olimpiya Təhsil Məktəbləri Şəbəkəsi;

 

AOA Məşəl Mükafatı Olimpiya İrsi isə Çexiya Olimpiya Akademiyasının retrospektiv monoqrafiyaları (1896-1936) kateqoriyası əsasında seçilib. 

 

Münsiflər heyəti təqdim olunan bütün layihələri yeddi meyar (təsir, innovasiya, icra, əməkdaşlıq, miras, nəticələr, təqdimat) əsasında qiymətləndirib. Hər iki layihə öz kateqoriyasında ən yüksək xal toplayaraq müsabiqənin qalibi olub.

 

Növbəti günlərdə isə muxtariyyət və ictimai müdaxilə arasında Olimpiya Hərəkatı, Milli Olimpiya akademiyalarının tərəfdaşlarına davamlı, təcrübə yönümlü seminarlar üçün əməkdaşlıq, Avropanın Təhlükəsiz İdmanının birlikdə qurulması kimi məsələlər müzakirə ediləcək. Sonda 6-cı Avropa Olimpiya Akademiyasının Baş Assambleyası keçiriləcək.
 Konqres noyabrın 10-dək davam edəcək. 

 

Milli Olimpiya Komitəsinin mətbuat xidməti