Xəbərlər

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının rəhbərliyi EWF Konqresində iştirak edib

17 fevral 2024 100

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) prezidenti Kamran Nəbizadə Bolqarıstanın paytaxtı Sofiyaya səfər edib.

 

O, Sofiyada keçirilən Avropa çempionatında iştirak edən Azərbaycan idmançılarının yarışını izləyəcək.

 

AAF rəhbəri və qurumun vitse-prezidenti Firdovsi Umudov Avropa Ağırlıqqaldırma Federasiyasının (EWF) Konqresində də iştirak edib. Tədbirdə gündəlikdə olan bir çox məsələlər müzakirələr edilib, ağırlıqqaldırma idman növünün bu günü və gələcək perspektivləri diqqətə alınıb, hesabatlar dinlənilib, rəy və təkliflər verilib. 

 

Konqres zamanı K.Nəbizadə Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) prezidenti Mohamməd Caludla görüşüb. Səmimi keçən söhbət zamanı qurumlar arasındakı əlaqələrin möhkəm və böyük tarixə malik olduğu bildirilib, bu münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. IWF prezidenti Azərbaycanda ağırlıqqaldırmaya böyük maraq və dəstək olduğunu bildirib.

 

AAF prezidenti deyib ki, Azərbaycan idman ölkəsidir və yalnız ağırlıqqaldırma deyil, bütün idman növlərinə dövlət səviyyəsində yüksək diqqət və qayğı var: “Bunun nəticəsində idmançılarımız beynəlxalq arenada mütəmadi qələbələr qazanır, bayrağımızı yüksəldirlər. Onların arasında ağırlıqqaldıranlar da var və federasiyamız bu idman siyasətinin, uğurların davam etdirilməsi üçün bütün səylərini göstərir. Buraya beynəlxalq qurumlarla münasibətlərin sıxlaşdırılması və inkişafı da daxildir ki, proses bundan sonra davam etdiriləcək”. 

 

Görüşdən sonra AAF-ın xüsusi hədiyyəsi - üzərində federasiyanın loqosu olan Azərbaycanın ipək xalçası Mohamməd Calud və EWF prezidenti Antonio Konflittiyə təqdim edilib.