Azərbaycan çempionatı başa çatıb
21 sentyabr 2026 - 10:30 25
Surfkastinq (sahildən balıqtutma) üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib.
Bu barədə Azərbaycan Su İdman Növləri Federasiyasının (ASİNF) mətbuat xidmətindən məlumat verilib.
Turnir Gənclər və İdman Nazirliyi, ASİNF və Bakı Balıqçılar və Sualtı Ovçular Klubunun birgə təşkilatçılığı ilə baş tutub.
4 balıqçılıq klubunu təmsil edən 35 iştirakçının mübarizə apardığı turnirin açılış mərasimində çıxış edən gənclər və idman naziri Fərid Qayıbov idmançıları salamlayaraq onlara uğurlar arzulayıb. Nazir ölkədə idmana və idmançılara göstərilən dövlət qayğısından danışıb, su idmanı növlərinin son illərdəki inkişafını yüksək qiymətləndirib.
Rəsmi hissədən sonra nazirin simvolik olaraq ilk spininqi suya atması ilə ölkə çempionatına start verilib. Turnir surfkastinq üzrə beynəlxalq qaydalara uyğun şəkildə keçirilib. 6 saat ərzində tutulan balıqlar hakimlər tərəfindən müəyyən edilmiş meyarlar əsasında qiymətləndirilib və ən yüksək nəticə göstərən iştirakçılar bəlli olub.
Yarışın texniki nəticələrinə görə Əhməd Məmmədov (Azərbaycan Karpfişinq Klubu) birinci, İlkin Umudov (Bakı Balıqçılar Klubu) ikinci, Fərman Abdulov (Bakı Balıqçılar Klubu) isə üçüncü yeri tutub. "Big Fish" mükafatını isə Bakı Balıqçılar Klubunun təmsilçisi İlkin Umudov (ən böyük balıq – 40 sm) qazanıb.
Qaliblər diplom, medal və digər hədiyyələrlə mükafatlandırılıblar. Hakimlərə isə peşəkarlıqlarına görə ASİNF tərəfindən diplomlar təqdim olunub.
Bənzər xəbərlər
Atletimiz dünya çempionatında iştirak edib
Azərbaycanın atletika millisinin üzvü Anna Yusupova Danimarkanın paytaxtı Kopenhagendə keçirilən ... Ətraflı
Cüdoçumuz veteranlar arasında dünya çempionu olub
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə veteranlar arasında dünya ... Ətraflı