Azərbaycan cüdoçuları təlim-məşq toplanışı üçün Yaponiyaya yollanırlar
28 fevral 2025 245

Kişi cüdoçulardan ibarət Azərbaycan milli komandası Bakıdakı təlim-məşq toplanışını başa vurub.
Yığma bu gün Yaponiyaya yollanacaq və qarşıdakı beynəlxalq yarışlara orada hazırlaşacaq. Yaponiya toplanışı martın 25-dək davam edəcək.
Bakıdakı “Böyük Dəbilqə” turnirində bürünc medal qazanmış Əhməd Yusifov (60 kiloqram) yığmanın Bakıdakı hazırlığını dəyərləndirib. O, təlim-məşq toplanışının yüksək səviyyədə keçdiyini bildirib: “Məşqlərimiz yaxşı və ağır şəraitdə keçdi. Hazırlığımızı bu gündən Yaponiyada davam etdirəcəyik. Toplanışdan sonra bizi Avropa və dünya çempionatları, Qran-Pri və “Böyük Dəbilqə” yarışları gözləyir. Məqsədimiz bu turnirlərdə uğurlu nəticə əldə etməkdir. Hər birimiz Avropa və dünya çempionu olmaq istəyirik. Ona görə də ciddi hazırlaşırıq”.
Millinin böyük məşqçisi Elçin İsmayilov isə təlim-məşq toplanışlarının aprel ayında keçiriləcək vacib yarışlara hazırlıq xarakteri daşıdığını vurğulayıb: “Avropa və dünya çempionatlarında daha çox medal qazanmaq istəyirik. Dekabrda Azərbaycan çempionatı keçirildikdən, milli komandanın heyəti müəyyənləşdikdən sonra yanvar ayında təlim-məşq toplanışlarına start verdik. Hazırda hər şey istədiyimiz kimi gedir. Bildiyiniz kimi, cüdoçularımız Hidayət Heydərov və Zelim Kotsoyev “Paris-2024” Yay Olimpiya Oyunlarında iki qızıl medal qazandılar. Bu, Azərbaycan cüdo tarixində bir ilkdir. Çalışacağıq ki, qitə birinciliyində və mundialda medallarımızın sayı çox, əyarı isə yüksək olsun”.
Bənzər xəbərlər

Antidopinq İntizam və Apellyasiya Komitələrinin üzvləri üçün birgə təlim keçirilib
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşəbbüsü və Azərbaycan Respublikasının Səhiyyə ... Ətraflı

Firdovsi Umudov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının “Məsləhət Qrupu”na üzv təyin edilib
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) vitse-prezidenti Firdovsi Umudov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının ... Ətraflı