Azərbaycan Deflimpiya Komitəsinin təşkilatçılığı ilə mətbuat konfransı keçirilib
04 noyabr 2025 - 14:32 28
Bu gün “Radisson Hotel Baku”da Azərbaycan Deflimpiya Komitəsinin (ADK) təşkilatçılığı ilə görülən işlər və noyabrın 15-26-da Yaponiyanın paytaxtı Tokioda təşkil olunacaq XXV Yay Deflimpiya Oyunlarına hazırlıqla bağlı mətbuat konfransı keçirilib.
Olympic.az xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Deflimpiya Komitəsinin baş katibi Namiq Novruzov qurumun fəaliyyəti barədə geniş məlumat verib. Bildirilib ki, ölkəmizdə inklüziv cəmiyyətin formalaşması istiqamətində son illər mühüm addımlar atılıb, fiziki məhdudiyyətli şəxslərin sosial həyata bərabər əsaslarla inteqrasiyasına xüsusi diqqət yetirilir.
Qeyd olunub ki, Azərbaycan Deflimpiya Komitəsi 2023-cü ilin oktyabr ayında təsis edilib və idarə heyəti beynəlxalq deflimpiya prinsiplərinə uyğun şəkildə formalaşdırılıb. 100-dən çox eşitmə məhdudiyyətli idmançını idman prosesinə cəlb edən Komitənin əsas məqsədi ölkədə deflimpiya hərəkatını inkişaf etdirmək, bu kateqoriyadan olan idmançıların cəmiyyətə inteqrasiyasını və idman vasitəsilə reabilitasiyasını təmin etməkdir.
“2024-cü ildə Komitənin strukturu tam formalaşdırılıb, müxtəlif idman növləri üzrə fəaliyyət proqramları təsdiqlənib. Həmin ilin avqustundan etibarən faktiki fəaliyyətə başlayan qurum 100-dən çox eşitmə məhdudiyyətli idmançını öz ətrafında birləşdirib. Komitə bu müddətdə Azərbaycan Cüdo, Güləş, Taekvondo, Üzgüçülük, Taekvondo və Şahmat federasiyaları ilə əməkdaşlıq memorandumları imzalayıb. Bu əməkdaşlıqlar nəticəsində karate, atıcılıq, şahmat və digər növlərdə idmançılarımız beynəlxalq arenada ilk uğurlarını qazanıblar”, - deyə Namiq Novruzov bildirib.
2025-ci ilin aprelində Beynəlxalq Karlar İdman Komitəsinin (ICSD) prezidenti Adam Kosa və Avropa Karlar İdman Komitəsinin rəhbəri İosif Stavrakakis Azərbaycana səfərlərinə toxunan qurum rəsmisi həmin səfərin nəticəsi olaraq 2025-ci il mayın 1-də Azərbaycan Deflimpiya Komitəsinin rəsmi şəkildə Beynəlxalq Karlar İdman Komitəsinin (ICSD) üzvü qəbul edildiyini diqqətə çatdırıb: “Bu qərar ölkəmiz üçün tarixi hadisə hesab olunur. Bununla da Azərbaycan eşitmə məhdudiyyətli idmançılar üçün beynəlxalq yarışlarda tam hüquqlu iştirakçı kimi tanınıb və Tokio–2025 Yay Deflimpiya Oyunlarında iştirak hüququ qazanıb. Komandamız ilk dəfə olaraq 6 idman növündə - taekvondo, karate, üzgüçülük, şahmat, cüdo və atıcılıq üzrə - 20 idmançı ilə təmsil olunacaq. Onların sırasında 5 xanım idmançının olması xüsusi qürur hissi doğurur. Bu fakt qadın idmançılarımızın beynəlxalq səviyyədə fəal iştirakının, onların azmi və peşəkarlığının göstəricisidir. Eyni zamanda ölkəmizdə gender bərabərliyinə və qadınların idmanda rolunun güclənməsinə verilən önəmin bariz nümunəsidir”.
Komitə yalnız idman sahəsində deyil, həm də təhsil və kommunikasiya istiqamətində inklüziv mühitin formalaşdırılmasına töhfə verir. Təlimlər nəticəsində idmançıların özünüifadə və nitq bacarıqlarında nəzərəçarpan irəliləyişlər müşahidə olunur.
Qurum beynəlxalq arenada da uğurlarını davam etdirir. “2025-ci ilin iyununda Moldovada keçirilən “Chisinau Open Grand Prix” turnirində idmançılarımız 1 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıblar. Eyni zamanda, Özbəkistanda baş tutan 13-cü Açıq Dünya Şahmat Oyunlarında iki şahmatçımız müvafiq olaraq 3-cü və 4-cü yerlərə layiq görülüblər”.
Namiq Novruzov tədbir zamanı onu da qeyd edib ki, avqust ayında Komitə ilk dəfə Avropa Karlar İdman Təşkilatının (EDSO) konqresində iştirak edib. Nəticədə 2026-cı ilin mayında Azərbaycanda karate üzrə Avropa çempionatının, 2027-ci ildə isə Avropa Komitəsinin Baş Assambleyasının ölkəmizdə keçirilməsi qərara alınıb.
Namiq Novruzov çıxışının sonunda qeyd edib:“ Komitənin əsas məqsədi eşitmə məhdudiyyətli uşaqlar və gənclər arasında idmana marağı artırmaq, onların sosial inteqrasiyasını və inkişafını dəstəkləməkdir. Azərbaycan Deflimpiya Komitəsi təkcə idman qurumu deyil, həm də eşitmə məhdudiyyətli insanların gücünü, iradəsini və cəmiyyətə verdiyi dəyəri təmsil edən bir hərəkatdır. Hər bir addım daha ədalətli və inklüziv gələcəyə doğru atılır”
Tədbirin sonunda komitənin fəaliyyətinə dair video təqdimat nümayiş olunub və media nümayəndələrinin sualları cavablandırılıb.
Bənzər xəbərlər
Azərbaycanın voleybol və futzal yığmaları VI İslam Həmrəyliyi Oyunlarında mübarizəyə başlayır
Bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində VI İslam Həmrəyliyi ... Ətraflı
Azərbaycanın veteran cüdoçusu dünya çempionatında bürünc medal qazanıb
Fransanın paytaxtı Parisdə cüdo üzrə veteranlar arasında dünya çempionatı start ... Ətraflı
