Azərbaycan güləşçiləri reytinq turnirində daha 2 medal qazanıblar
08 fevral 2025 609
Azərbaycanın daha 7 güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən reytinq turnirində mübarizə aparıb.
Qadın güləşində 57 kiloqramda cəmi 2 iştirakçı yer aldığı üçün Jalə Əliyeva birbaşa finalda güləşib. Həmyerlimizin amerikalı Cakarra Vinçesterlə görüşü dramatik alınıb. İlk hissədən sonra 0:7 hesabı ilə geridə olan Əliyeva əzmkarlıq nümayiş etdirərək fərqi 3 xala endirib. Son anda 4 xallıq fəndi icra etsə də, hakimlər vaxtın bitdiyini əsas gətirərək həmin bunu qeydə almayıb. Beləliklə, rəqibinə 4:7 hesabı ilə məğlub olan Əliyeva gümüş medalla kifayətlənib.
Böyüklər arasında debüt edən Zəhra Kərimzadə (72 kq) dairəvi sistem üzrə baş tutan mübarizədə fransalı Paulin Lekarpenyeyə (0:3), xorvatiyalı Veronika Vilkə (2:6), ABŞ-dan olan Skilar Qrota (0:10) və macarıstanlı Noemi Naqiyə (1:10) uduzub.
Yunan-Roma güləşi üzrə 77 kiloqramda 3 təmsilçimiz xalçaya çıxıb. Ölkə çempionu Davud Məmmədov debütdə moldovalı Aleksandru Soloveyə 0:3 hesabı ilə məğlub olub. Daha təcrübəli Xasay Həsənlli 1/8 finalda rusiyalı Sergey Stepanova minimal fərqlə yenilib – 6:7. Bu çəkidə millinin lideri sayılan Sənan Süleymanov serbiyalı Aleksa İliçə sonuncu xal prinsipinə əsasən (1:1), macarıstanlı Robert Frişə isə 7:1 hesabı ilə qalib gəlib. Ancaq 1/4 finalda Stepanovla bacarmayıb – 0:4. Stepanov finala yüksəldiyi üçün güləşçilərimiz təsəlliverici görüşə vəsiqə qazanıblar. X.Həsənli ilk təsəlliverici görüşdə finlandiyalı Conni Sarkkinenə tam üstünlüklə (14:5) qalib gəlib. Ancaq daha təcrübəli Süleymanov Həsənlini vaxtından əvvəl məğlub edib – 8:0. Sənan bürünc medal uğrunda rusiyalı Sergey Kutuzovla güləşib və 1:3 hesabı ilə uduzub.
İslam Abbasov (87 kq) özbəkistanlı Jalqasbay Berdimuratovu 4:3 hesabı ilə, macarıstanlı İştvan Takaçı isə sonuncu xal prinsipinə əsasən (3:3) mübarizədən kənarlaşdırıb. 1/4 finalda danimarkalı Turpal Ali Bisultanova 0:4 hesabı ilə məğlub olan Abbasov qazaxıstanlı rəqibi təsəlliverici görüşdə iştirak etmədiyi birbaşa bürünc medal uğrunda güləşmək hüququ əldə edib. Rusiyalı Milad Alirzayevlə qarşılaşmanın əvvəllərində 0:5 hesabı ilə geri düşən Abbasov əzmkarlıq nümayiş etdirərək geri dönüş edib və sonuncu xal prinsipinə əsasən (5:5) bürünc medala sahib çıxıb.
Bu çəkidəki digər təmsilçimiz Rafiq Hüseynov ilk mərhələdə serbiyalı Aleksandr Komarova uduzub - 3:5.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı