Xəbərlər

Azərbaycan karateçiləri III Avropa Oyunlarında ümumi komanda hesabında ikinci olublar

24 iyun 2023 220

Polşada təşkil olunan III Avropa Oyunlarında karate yarışlarına yekun vurulub.

Azərbaycan karateçiləri yarışı 2 qızıl və 1 bürünc medalla başa vurublar. Qızıl medalları komandamıza Tural Ağalarzadə (67 kq) və İrina Zaretska (68 kq) qazandırıblar. Asiman Qurbanlı (84 kq-dan yuxarı) isə üçüncü olub.

Üç medalla Azərbaycan millisi ümumi sıralamada ikinci pillədə qərarlaşıb. Hesabında 2 qızıl, 1 gümüş və 1 bürünc mükafat olan Ukrayna yığması birincidir. İlk üçlüyü İspaniya millisi (2-0-1) tamamlayıb.

Karate yarışlarında, ümumilikdə, 22 ölkədən idmançılar mükafatçılar sırasında yer alıblar.

İyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı mübarizə aparacaq. İdmançılar 29 növ üzrə 253 dəst medalın sahibini müəyyənləşdirəcəklər. Azərbaycan “Krakov 2023”-də 13 növdə 86 idmançı ilə təmsil olunur.

Qeyd edək ki, tarixdə ilk Avropa Oyunları 2015-ci ildə Bakıda, ikinci multiidman tədbiri 2019-cu ildə Minskdə keçirilib. Azərbaycan millisi bu yarışlarda 84 medal qazanıb. İdmançılarımız 26 qızıl, 25 gümüş və 33 bürünc mükafat əldə edib. Komandamız medal sıralamasında “Bakı-2015”də 2-ci, “Minsk-2019”da 10-cu yeri tutub.