Xəbərlər

Gülər Hüseynova: “Qızlar arasında boks idman növü üzrə ilk Yeniyetmələrin Olimpiya medalını qazandım”

12 noyabr 2026 - 17:11 16

Seneqalın paytaxtı Dakar şəhərində keçirilən Yeniyetmələrin Yay Olimpiya Oyunlarında Azərbaycan idman tarixində daha bir əlamətdar uğura imza atılıb. 

 

Boksçumuz Gülər Hüseynova gərgin idman mübarizəsi şəraitində keçən yarışda gümüş medal qazanaraq, ölkəmizə qızlar arasında boks üzrə ilk Yeniyetmələrin Olimpiya medalını bəxş edib.

 

Yarış ərzində üç görüş keçirən təmsilçimiz finala gedən yolda rəqiblərinə heç bir şans verməyib. Həlledici görüşdə venesuelalı rəqibi ilə gərgin mübarizə aparan Gülər Hüseynova yarışı ikinci pillədə başa vuraraq gümüş medala sahib çıxıb.

 

Yarışdan sonra təəssüratlarını bölüşən gənc idmançımız bu tarixi qələbəyə görə sevincini ifadə edərək bildirib:

 

"Şükürlər olsun ki, finalda iştirak etdim. Azərbaycan idmanında bir ilkə imza atdım və qızlar arasında boks idman növü üzrə ilk Yeniyetmələrin Olimpiya medalını qazandım. Finaldakı rəqibim də, mən də çox güclü idik, lakin günün qalibi o oldu. Bu yolda üzərimdə əməyi olan ailəmə, şəxsi məşqçim Hüseyn Ağayevə və baş məşqçim İlkin Ağayevə dərin təşəkkürümü bildirirəm."

 

Yarışın yüksək səviyyədə təşkil olunduğunu və Seneqal xalqının qonaqpərvərliyini xüsusi vurğulayan Gülər Hüseynova qarşıda onu yeni hədəflərin gözlədiyini və bu nailiyyətlə kifayətlənməyəcəyini qeyd edib. 

 

 

Milli Olimpiya Komitəsinin mətbuat xidməti