Azərbaycan komandası Skopye-2025-i 10 medalla 16-cı pillədə başa vurdu
26 iyul 2025 - 21:25 232
Şimali Makedoniyanın və Xorvatiyanın birgə ev sahibliyi etdiyi Skopye-2025 XVIII Avropa Gənclər Olimpiya Festivalına yekun vurulub.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti xəbər verir ki, Avropanın 50 ölkəsindən 4 mindən çox idmançının iştirak etdiyi Skopye-2025-də 14-18 yaş arası idmançılar 15 idman növü üzrə mübarizə aparıblar. Festivalda Azərbaycan komandası ümumilikdə 10 idman növündə 52 (28 oğlan, 24 qız) idmançı ilə təmsil olunub.
Azərbaycan idmançıları yarışları 10 (3 qızıl, 3 gümüş, 4 bürünc) medalla başa vurub.
Komandamıza qızıl medalları cüdoçular Gülşən Hüseynova (-44 kq), Rza Xəlilli (-50 kq) və Rəsul Əlizadə (-55 kq) qazandırıblar. Cüdo üzrə Nuranə Hacızadə (-48 kq), Zeyd Ələsgərov (-60 kq) və güllə atıcılığı üzrə Leyli Əliyeva – Oleq Kerjankin dueti (10 metr pnevmatik tapança) gümüş medal əldə ediblər. Bürünc medalları isə cüdoçular Aysun Məmmədova (-52 kq), Məhəmməd Ağakişiyev (-73 kq), Sübhan Axundov (+90 kq) və taekvondoçu Yunis Hüseynov (73 kq) qazanıblar.
Komandamız bu nəticə ilə ümumi medal sıralamasında 16-cı yeri tutub.
Qeyd edək ki, 50 (19 qızıl, 19 gümüş, 12 bürünc) medal qazanan İtaliya komnadası festivalın qalibi olub. Fransa 15 qızıl, 18 gümüş, 5 bürünc medalla ikinci olub. Üçüncü pillədə isə aktivində 33 (10 qızıl, 11 gümüş, 12 bürünc) medal olan İspaniya komandası tutub. Türkiyə 26 (10 qızıl, 7 gümüş, 9 bürünc) medalla dördüncü, Böyük Britaniya isə 22 (10 qızıl, 7 gümüş, 5 bürünc) medalla beşinci olub. Festivalda 40 ölkənin komandası müxtəlif əyarlı medallar qazanıb. Cəmi 35 ölkə isə festivalda qızıl medal sevinci yaşayıb.
Bənzər xəbərlər
Eduard Məmmədov 10-cu dəfə dünya çempionu olub
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində kikboksinqin WAKO versiyası üzrə dünya ... Ətraflı
Azərbaycan idman tarixində ilk: Deflimpiya Oyunlarında gümüş medal
Dünya idman hərəkatının qədim ənənələrindən birinə çevrilən deflimpiya yarışları artıq ... Ətraflı