Xəbərlər

Azərbaycan Milli Paralimpiya Komitəsi və Azərbaycan Reqbi Federasiyasının rəsmiləri arasında görüş olub

17 fevral 2022 511

Fevralın 17-də Azərbaycan Milli Paralimpiya Komitəsi və Azərbaycan Reqbi Federasiyasının rəsmiləri arasında görüş olub.
Görüşdə Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, baş katib Kamal Məmmədov, Azərbaycan Reqbi Federasiyasının prezidenti Elşən Abbasov, birinci vitse-prezident Elvar Osmanov, vitse-prezident Müşfiq Cəfərov, baş katib Samirə Allahverdiyeva və digərləri iştirak ediblər.
Qonaqları salamlayan Komitənin prezidenti İlqar Rəhimov ölkəmizdə Paralimpiya hərəkatının inkişafı, əldə olunan nailiyyətlər, idmançılarımızın “Tokio-2020” Yay Paralimpiya Oyunlarında uğurlu çıxışı barədə məlumat verib.
İlqar Rəhimov qeyd edib ki, ölkəmizdə Paralimpiya tarixində ilk dəfə Azərbaycan Qış Paralimpiya Oyunlarında təmsil olunacaq. Bu, ölkədə idmana göstərilən dövlət qayğısının bariz nümunəsədir. Qarşıda bizi daha ciddi sınaqlar gözləyir. İnanıram ki, Tokioda əldə olunan uğuru paralimpiyaçılarımız “Paris-2024” Yay Paralimpiya Oyunlarında da davam etdirəcəklər.
Azərbaycan Reqbi Federasiyasının prezidenti Elşən Abbasov idmanın bu növünün ölkəmizdə inkişaf etdirilməsi, kütləviləşməsi və təbliği istiqamətində görülən işlər barədə məlumat verib.
Ölkə başçısı İlham Əliyevin yürütdüyü uğurlu idman siyasətindən danışan federasiya rəsmisi qeyd edib ki, reqbi dünyada prestijli idman növlərindən biri hesab olunur. Ölkəmizdə idmanın bu növünün inkişaf etdirilməsini qarşıya məqsəd qoymuşuq. Paytaxtda və regionlarda reqbi klubları fəaliyyət göstərir. Reqbinin kütləviləşməsi istiqamətində Bakıda və regionlarda mütəmadi görüşlər təşkil olunur, mütəxəssislər üçün təlimlər keçirilir. Əsas hədəfimiz irimiqyaslı turnirlərdə iştirak etmək və mükafatçılar sırasında yer almaqdır.
Görüşdə əlil arabasında reqbi idman növünün ölkəmizdə inkişaf perspektivləri müzakirə olunub.
Sonda qurumlar arasında qarşılıqlı əməkdaşlıq məsələləri istiqamətində fikir mübadiləsi aparılıb.