Xəbərlər

Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub

11 oktyabr 2026 - 12:18 16

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə Azərbaycan yığması qarışıq komanda yarışında Yaponiya millisi ilə qarşılaşıb.

 

Rəqibi ilə 1/8 finalda üz-üzə gələn yığmamız 1:4 hesabı ilə uduzub.

 

Bununla da komanda mübarizəni vaxtından əvvəl dayandırıb.

 

Cüdoçularımız 1/16 finalda Avstriyaya 4:0 hesabı ilə qalib gəlmişdi.

 

Azərbaycanın qadınlardan ibarət heyətində Gültac Məmmədəliyeva, Xədicə Qədəşova (hər ikisi 57 kq), Südabə Ağayeva, Hanna Zaytseva (hər ikisi 70 kq) və Madina Kaisinova (+70 kq) yer alıblar.

 

Kişilərdən isə Rəşid Məmmədəliyev, Ruslan Paşayev (hər ikisi 73 kq) , Zelim Tçkayev, Süleyman Şükürov (hər ikisi 90 kq), Zelim Kotsoyev və Uşanqi Kokauri (hər ikisi +90 kq) komandanın heyətinə daxil ediliblər.

 

Milli Gimnastika Arenasında baş tutan səkkizinci yarış günündə 18 ölkənin 192 cüdoçusu komanda mübarizəsinə qoşulub.

 

Xatırladaq ki, Azərbaycan millisi fərdi yarışları rekord nəticə – 7 medalla başa vurub. Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq), Uşanqi Kokauri (+100 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) bürünc medala sahib çıxıblar.