Azərbaycan nümayəndə heyəti Avropa Ədalətli Oyunlar Hərəkatının İcraiyyə Komitəsinin iclası və Baş Assambleyasında iştirak edib
04 may 2026 - 16:57 119
28–30 aprel tarixlərində Sloveniyaın Lyublyana şəhərində Avropa Ədalətli Oyunlar Hərəkatının (EFPM) İcraiyyə Komitəsinin iclası və Baş Assambleyası keçirilib.
Tədbirdə Azərbaycan nümayəndə heyətinin tərkibində Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının sədri, Avropa Ədalətli Oyunlar Hərəkatının İcraiyyə Komitəsinin üzvü Xəzər İsayev və AzƏOK-un məsul katibi Aysel Sultanova iştirak ediblər.
Aprelin 29-da Avropa Universitet İdmanı Assosiasiyasının (EUSA) ofisində EFPM İcraiyyə Komitəsinin iclası keçirilib.
EUSA nümayəndələri – Təhsil və Əməliyyatlar üzrə direktor Sara Rozman, eləcə də Layihələr və Siyasət üzrə direktor Andrej Pisl EFPM nümayəndələrini qarşılayaraq, universitet idmanında ədalətli oyun dəyərlərinin təşviqi istiqamətində həyata keçirilən fəaliyyətlər barədə məlumat veriblər.
İclas çərçivəsində EFPM ilə EUSA arasında əməkdaşlığın gücləndirilməsi xüsusi vurğulanıb, etika, dürüstlük, təhsil və ədalətli oyun prinsiplərinin Avropa idmanında daha geniş tətbiqi müzakirə olunub.
İclasda üzvlər təşkilatın cari prioritetlərini, strateji inkişaf istiqamətlərini, maliyyə məsələlərini, gələcək layihələri və beynəlxalq əməkdaşlıq imkanlarını müzakirə ediblər.
İcraiyyə Komitəsinin iclasında EFPM-in Kommunikasiya Komissiyasının yaradılması barədə qərar qəbul olunub. Qərara əsasən, AzƏOK-un məsul katibi Aysel Sultanova Komissiyanın sədri təyin olunub.
Daha sonra tədbir Sloveniya Milli Olimpiya Komitəsinin Olimpiya Təhsil Mərkəzində Baş Assambleya ilə davam etdirilib.
Onlayn formatda keçirilən Assambleyada 22 üzv ölkə iştirak edib, İcraiyyə Komitəsinin üzvləri isə Sloveniya Milli Olimpiya Komitəsinin Olimpiya Təhsil Mərkəzindən birbaşa qoşulublar.
Assambleyaya EFPM prezidenti Filip Üzyo və vitse-prezident Robert Perc sədrlik ediblər.
Sloveniya Milli Olimpiya Komitəsinin Baş direktoru Uroš Mohorič İcraiyyə Komitəsinin üzvlərini yerində qarşılayaraq iclasa uğurlar arzulayıb.
Assambleyanın açılışında Avropa Olimpiya Komitəsinin (EOC) Prezidenti Spiros Kapralosun videomüraciəti səsləndirilib. O, EFPM-in fəaliyyətini yüksək qiymətləndirərək Avropada ədalətli oyun dəyərlərinin inkişafına dəstəyini ifadə edib.
Assambleya çərçivəsində hesabatlar və maliyyə məsələləri təsdiqlənib, 2026–2027-ci illər üzrə fəaliyyət planı və büdcə qəbul edilib, nizamnaməyə edilən dəyişikliklər müzakirə olunaraq təsdiq edilib. Həmçinin təşkilata üç assosiativ və iki fəxri üzv qəbul olunub.
Müzakirələr zamanı kommunikasiya strategiyası, yeni beynəlxalq tərəfdaşlıqlar, Avropa layihələri və ədalətli oyun dəyərlərinin daha da genişləndirilməsi istiqamətində gələcək təşəbbüslər diqqət mərkəzində olub.
EFPM-in Lyublyanada keçirilən İcraiyyə Komitəsinin iclası və Baş Assambleyası təşkilatın Avropada ədalət, hörmət, dürüstlük və əməkdaşlıq dəyərlərinin inkişafı istiqamətində fəaliyyətində növbəti mühüm mərhələ kimi qiymətləndirilib.
Bənzər xəbərlər
Bakı–Xankəndi Azərbaycan Velosiped Yarışı: 4 mərhələ, 4 fərqli qalib
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışında ... Ətraflı
AGF-də yeni Komitə təsis edilib
Azərbaycan Güləş Federasiyasının (AGF) Etika və İntizam komitəsi təsis edilib.
AGF-nin ... Ətraflı



