Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin IX hesabat-seçki Baş Məclisi keçirilib
18 fevral 2025 1244

Azərbaycan Prezidenti İlham Əliyev yenidən Milli Olimpiya Komitəsinin Prezidenti seçilib
Fevralın 18-də Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) IX hesabat-seçki Baş Məclisi keçirilib.
MOK-un inzibati binasında keçirilən Baş Məclisdə Milli Olimpiya Komitəsinin üzvləri, Olimpiya və qeyri-Olimpiya idman növləri federasiyalarının və idman təşkilatlarının nümayəndələri iştirak ediblər.
Baş Məclisdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə “Milli Olimpiya Komitəsinin 2022-2024-ci illərdəki fəaliyyəti” haqqında hesabat məruzə ilə çıxış edib. O, iqtisadi və digər sahələrdə inkişaf sürətinə görə regionun lider dövləti olan Azərbaycanın bütün dünyada idman ölkəsi kimi tanındığını bildirib.
Çingiz Hüseynzadə hesabat dövrü ərzində Azərbaycanın idman tarixində bir sıra uğurlu hadisələrin baş verdiyini diqqətə çatdıraraq MOK-un gördüyü işlərin miqyasına görə çox əhatəli olduğunu, əldə edilmiş uğur və nailiyyətlərin həm keyfiyyətinə, həm də kəmiyyətinə görə yüksək səviyyəyə qalxdığını qeyd edib.
"Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrindəki inkişafının əsası ölkə başçısının uzaqgörən siyasətinin nəticəsi olduğu kimi, Olimpiya Hərəkatı və idmandakı uğurlarımız da Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin adı ilə bağlıdır. Hesabat dövründə ölkəmizin Olimpiya və idman həyatında bir sıra olduqca əlamətdar tarixi hadisələr baş verib. Azərbaycan Parisdə keçirilmiş Yay Olimpiya Oyunlarında qazanılmış 7 (2 qızıl, 2 gümüş, 3 bürünc) medalla ümumi komanda hesabında 30-cu yeri tutub", - deyə Çingiz Hüseynzadə bildirib.
MOK-un vitse-prezidenti Baş Məclis iştirakçılarına məlumat verərək deyib ki, ötən dövrləri əhatə edən hesabat kitabında Azərbaycan Milli Olimpiya Komitəsinin beynəlxalq əlaqələri, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin görüşləri, çıxışları, qəbulları, iştirak etdiyi tədbirlər, beynəlxalq yarışlar, idmançılarımızın Olimpiya oyunlarında, Olimpiya festivallarında, İslam Həmrəyliyi Oyunlarında çıxışı, Olimpiya Həmrəyliyi Fondunun proqramları, maliyə-marketinq, informasiya və nəşriyyat məsələləri öz əksini tapıb. O, müxtəlif səviyyəli beynəlxalq yarışlarda atletlərimizin qazandıqları uğurlardan, Bakıda keçirilən beynəlxalq yarışlardan danışaraq, MOK-un hesabat dövründəki fəaliyyətini yüksək qiymətləndirib.
Hesabat məruzəsi dinlənildikdən sonra səsə qoyularaq yekdilliklə qəbul olunub. Sonra MOK-un Təftiş Komissiyasının hesabat məruzəsi dinlənilib.
Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev, Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov və idmançılar adından çıxış edən Fərid Mansurov hesabat məruzəsini və MOK-un fəaliyyətini yüksək qiymətləndirərək gələcək işlərdə uğurlar arzulayıblar.
Hesabat-seçki Baş Məclisində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilib.
Daha sonra İlham Əliyev, Azər Əliyev, Çingiz Hüseynzadə, Fərid Mansurov, Zemfira Meftaxetdinova, Namiq Abdullayev, Nazim Hüseynov, Elnur Məmmədli, Faiq Qarayev və Alla Həsənova MOK-un İcraiyyə Komitəsinin üzvləri seçiliblər.
Baş Məclisdə MOK-un Təftiş Komissiyasının üzvləri də seçilib.
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Perudakı Qran-Prini 7 medalla başa vurublar
Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Son yarış ... Ətraflı

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib
Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin ... Ətraflı