Xəbərlər

Azərbaycanın gənc cüdoçuları Avropanın zirvəsində!

07 sentyabr 2024 744

Azərbaycanın gənclərdən ibarət cüdo yığması Estoniyanın paytaxtı Tallində təşkil olunan Avropa çempionatında tarixi nəticə qazandı. 

 

Yarışa gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov, məşqçi Elxan Rəcəbli, qadınlardan ibarət yığmanın məşqçiləri Elnur İsmayılov və İmamverdi Məmmədovun rəhbərliyi ilə qatılan 16 (9 oğlan, 7 qız) cüdoçu 
fərdi yarışlarda 4 qızıl, 2 gümüş, 2 bürünc olmaqla 8 medal əldə etdi. 


Qızlardan Könül Əliyeva (-48 kq.) və Fidan Əlizadə (-57 kq.), oğlanlardan Vüsal Qələndərzadə (-73 kq.) və Süleyman Şükürov (-81 kq.) bütün rəqiblərini məğlub edərək Avropa çempionu oldular. Nizami İmranov (-60 kq.), Aslan Kotsoyev (-90 kq.) gümüş, Tuncay Şamil (-90 kq) və Kənan Nəsibov (+100 kq.) bürünc mükafata sahib çıxdılar. İdmançılarımızdan Xədicə Qədəşova (-52 kq.) və Ramazan Əhmədov (+100 kq.) isə çıxışlarını 7-ci sırada başa vurdular. 

 

Beləliklə, Azərbaycan ümumkomanda hesabında 39 ölkə arasında 1-ci yeri tutdu. Ölkəmiz həmçinin oğlanların sıralamasında 1-ci, qızların sıralamasında 2-ci nəticə göstərdi. Bu münasibətlə milli yığmamız Avropa Cüdo Birliyi tərəfindən mükafata layiq görüldü. Həmin mükafat baş məşqçi Elxan Məmmədova təqdim olundu. Növbəti dəfə ölkəmizin bayrağı ucaldıldı, himni səsləndirildi.

 

Qeyd edək ki, gənclər arasında Avropa çempionatında 4 cüdoçumuzun qızıl medal qazanmağı Azərbaycan tarixində bir ilk oldu. 

 

Bundan əlavə, yüksək performans göstərən qızlarımız 25 illik aradan sonra ölkəmizə bu yarışın qızıl medallarını qazandırdılar, 1999-cu ildə qeydə alınan rekordu təkrarladılar. 

 

Əldə olunmuş yüksək nailiyyət münasibətilə idmançılarımızı, məşqçilərimizi və nümayəndə heyətimizin bütün üzvlərini təbrik edirik! Onlara yeni uğurlar arzulayırıq!