Xəbərlər

Bakıda lisenziya xarakterli beynəlxalq atletika yarışı start götürüb

02 fevral 2024 237

Bakıda Əməkdar məşqçi Aleksandr Antipovun xatirəsinə həsr olunmuş atletika üzrə beynəlxalq qış yarışının açılış mərasimi keçirilib.

Respublika Olimpiya Mərkəzində keçirilən tədbir Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Saxa-Yakutiya Respublikasını təmsil edən idmançıların paradı ilə başlayıb.

Azərbaycan Atletika Federasiyasının vitse-prezidenti Könül Nurullayeva ölkədə bu cür turnirlərin təşkilinin vacib olduğunu bildirib. Atlet Nazim Babayevin Çexiyada keçirilmiş lisenziya xarakterli yarışda qazandığı uğurdan bəhs edib federasiya rəsmisi idmançılara böyük ümidlər bəslənildiyini vurğulayıb.

Gənclər və İdman Nazirliyinin nümayəndəsi Sevda Mirzəyeva isə yarışın bu il keçiriləcək beynəlxalq turnirlərə seçim xarakteri daşıdığını söyləyib.

Rəsmi çıxışlardan sonra Azərbaycanın Dövlət Himni səsləndirilib və turnirə start verilib.

Gənclər və İdman Nazirliyi, AAF və “Atletika” klubunun birgə təşkilatçılığı ilə keçirilən turnir “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.

Proqrama U-18 yaş qrupu üzrə uzunluğa tullanma və 60 metr məsafəyə qaçış, böyüklər üzrə üç təkanla tullanma və digər növlər daxil edilib. Yarışa fevralın 3-də yekun vurulacaq.