Xəbərlər

Bakıda qolf üzrə Zəfər turnirinin açılış mərasimi olub

06 oktyabr 2023 189

Xəyal adasında (Dreamland) qolf üzrə Zəfər turnirinin açılış mərasimi keçirilib.

Tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev və digər rəsmi şəxslər iştirak ediblər.

Əvvəlcə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Mərasimi giriş sözü ilə açan gənclər və idman nazirinin müavini Mariana Vasileva Gənclər və İdman Nazirliyi adından qonaqları salamlayıb. Turnirdə Azərbaycan və Türkiyədən ümumilikdə 72 idmançının iştirak edəcəyini söyləyən nazir müavini yarışın iki ölkənin qolf federasiyaları arasında əlaqələri daha da möhkəmləndirəcəyinə inamını ifadə edib.

Daha sonra çıxış edən Azərbaycan Qolf Federasiyasının prezidenti Rauf Xəlilov Türkiyə Qolf Federasiyasından böyük dəstək aldıqlarını vurğulayıb: "İki ölkə arasında bu turnir ilk dəfə keçirilmir. Bundan sonra yarış ənənəvi olacaq, gələn il Türkiyədə keçiriləcək". Bu günlərdə ölkəmizdə fərqli hisslər yaşandığını qeyd edən R.Xəlilov Prezident İlham Əliyevin xalqımıza xüsusi sevinc bəxş etdiyini bildirib: "Ali Baş Komandanın rəhbərliyi altında Qarabağda Azərbaycanın suverenliyi tam bərpa olundu. Bu yarışı da həmin qələbəyə həsr edirik".

Türkiyə Qolf Federasiyasının prezidenti Yıldırım Demirören iki ölkə arasında qolf sahəsində anlaşma imzalandığını qeyd edib: "Məqsədimiz gənclərə qolf idman növünü sevdirməkdir. Yarış növbəli şəkildə hər il Türkiyə və Azərbaycanda təşkil olunacaq. Azərbaycan mənim ikinci vətənimdir. Ona görə də burada sizləri qəbul etməkdən qürur duyuram. Qarabağ Azərbaycandır!".

Sonda Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı turniri təşkil etdikləri üçün hər iki ölkənin qolf federasiyasına təşəkkür etdiyini bildirib: "Türkiyə-Azərbaycan əlaqələrinin hər sahədə inkişaf etdirilməsi iki ölkənin ən böyük hədəfidir. Bu yarışı 30 illik həsrətə son qoyan Qarabağ Zəfərinə həsr edirik".

Rəsmi çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib. Qonaqlara maraqlı rəqs nümunələri, həmçinin Şuşa ilə bağlı videoçarx təqdim olunub.