Xəbərlər

Bakıda VI Autizm Festivalı keçirilib

03 may 2026 - 17:27 20

Mayın 2-də paytaxtın Fəvvarələr meydanında Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Autizm Assosiasiyası və AzFest Group-un təşkilatçılığı ilə VI Autizm Festivalı keçirilib.

 

Festival autizmli şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək olmaq, onların bacarıqlarını nümayiş etdirmək və ictimai maarifləndirməni artırmaq məqsədi daşıyıb.

 

Tədbirdə millət vəkilləri, tanınmış idmançılar, bir sıra gənclər təşkilatları, Gənclər Evləri, dövlət və özəl qurumların nümayəndələri iştirak ediblər.

 

Əvvəlcə festivalda iştirak edən autizmli uşaqlar arasında boccia, atletika və stolüstü tennis üzrə yarışlar keçirilib. Qalib idmançılar müvafiq medal və diplomlarla təltif olunublar.

 

Ardınca rəsmi çıxışlara yer verilib. Tədbirdə çıxış edən Azərbaycan Autizm Assosiasiyasının sədri Elnur Məmmədli ənənəvi festivalın VI dəfə təşkil olunduğunu diqqətə çatdırıb. Festivalın məqsədləri barədə danışan qurum rəsmisi iştirakçıların hər birinə uğurlar arzulayıb. 

 

Türk Dövlətləri Autizm Federasiyasının fəxri prezidenti, millət vəkili Vüqar İsgəndərov isə çıxışında festivalın keçirilməsinə görə təşkilatçılara minnətdarlığını bildirib. O, cəmiyyətimizdə autizm spektri ilə bağlı maarifləndirmə işlərinin daha da artırılmasının vacibliyini qeyd edib. 

 

Tədbirdə çıxış edən millət vəkili Aydın Mirzəzadə Azərbaycan Autizm Assosiasiyasının bu sahədə gördüyü işlərin təqdirəlayiq olduğunu diqqətə çatdıraraq autizmli fərdlərin cəmiyyətə inteqrasiyası üçün belə təşəbbüslərin mühüm rol oynadığını deyib.

 

Festival şou-biznes nümayəndələrinin iştirakı ilə maraqlı konsert proqramı ilə davam edib. 

 

Qeyd edək ki, festivalda ölkə üzrə fəaliyyət göstərən autizm mərkəzləri bir araya gəlib. Festivalda Bakı şəhəri və bölgələrdə autizm sahəsində fəaliyyət göstərən qurumlar öz işlərini ictimaiyyətin diqqətinə çatdırıblar. Tədbirdə autizmli uşaqlar və onların ailələri də fəal iştirak ediblər.