"Böyük Dəbilqə": cüdoçularımızdan daha 3 medal
15 fevral 2025 403

Fevralın 15-də Milli Gimnastika Arenasında keçirilən Bakı Böyük Dəbilqə turnirinin ikinci yarış günü Azərbaycan cüdoçuları üçün uğurla başa çatıb. İkinci yarış günündə cüdoçularımız 1 qızıl, 1 gümüş və 1 bürünc medal əldə ediblər.
İki günün nəticəsinə görə Azərbaycan cüdoçuları ümumilikdə 1 qızıl, 1 gümüş və 3 bürünc medal əldə edərək komanda hesabında ikinci pilləyə yüksəliblər.
-73 kq çəki dərəcəsində Rəşid Məmmədəliyev finalda dünya ikincisi Tatsuki İşihara ilə qarşılaşmalı idi. Lakin zədə səbəbindən tatamiyə çıxmadığı üçün yarışın gümüş medalçısı olub. Bu çəkidə Vüsal Qələndərzadə bürünc medal uğrunda gənclər arasında dünya çempionu Ryuqa Tanaka ilə qarşılaşıb və yuko xalı ilə qələbə qazanaraq karyerasında ilk dəfə Böyük Dəbilqə turnirində medal əldə edib.
-81 kq çəki dərəcəsində Zelim Tçkayev qızıl medal uğrunda Kanadanın təmsilçisi Fransua Qotye Drapö ilə tatamiyə çıxıb. O, yuko xalı ilə qalib gələrək Böyük Dəbilqələrdə dördüncü, Bakıda isə üçüncü dəfə qızıl medal qazanıb. Bu çəkidə digər cüdoçumuz Ömər Rəcəbli isə yarışın 5-ci pilləsində qərarlaşıb.
Qeyd edək ki, fevralın 16-dək davam edəcək "Böyük Dəbilqə" turnirində 36 ölkədən 258 (166 kişi, 92 qadın) idmançı mübarizə aparır.
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Perudakı Qran-Prini 7 medalla başa vurublar
Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Son yarış ... Ətraflı

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib
Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin ... Ətraflı