Xəbərlər

Bu gün güləş məşqçilərinin ümumrespublika seminarına start verilib.

17 oktyabr 2023 290

Azərbaycan Güləş Federasiyasının təşkilatçılığıyla keçirilən tədbirin ilk dayanacağı Gəncə şəhəri olub. Gəncə İdman Liseyində təşkil edilən seminarda 100-dən artıq güləş məşqçisi iştirak edib.
Seminarın nəzəri hissəsində Hakimlər Kollegiyasının sədri Qərib Əliyev xalların qiymətləndirilməsini, mübahisəli görüşlərin video təhlilini, yarışlarda məşqçilərin riayət etməli olduğu qaydaları diqqətə çatdırıb. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) baş müəllimi Mehman Nəcəfov güləşlə bağlı metodiki məqamları, məşq prosesinin baza hissəsini izah etdikdən sonra yunan-Roma güləşi üzrə U-20 milli komandanın böyük məşqçisi Nurəddin Rəcəbov öz fikirlərini səsləndirib. O, əsasən, yeniyetmə güləşçilərin çəkisalma prosesinə toxunub. Bildirib ki, U-15 və U-17 yaş qrupunda yer alan idmançıların yarış ərəfəsində çox çəki salması doğru deyil və bu proses onların inkişafını əngəlləyən məqamlardan biridir. Buna adekvat kimi güləşçinin qidalanmasına nəzarətin həyata keçirilməsinin məqsədəuyğun olduğunu qeyd edib. Sərbəst güləş üzrə U-17 millinin məşqçisi Vahid Məmmədov da öz zəngin məşqçilik təcrübəsini həmkarlarıyla bölüşüb.

Seminarın praktiki hissəsində isə güləş xalçası üzərində müəyyən fəndlərin icrasına və müxtəlif vəziyyətlərdə verilən hakim qərarlarının izahına yer ayrılıb. Tədbir zamanı Qərb bölgəsinin məşqçilərinin müxtəlif mövzularda sualları ətraflı cavablandırılıb. Sonda seminarda iştirak edən mütəxəssislərə AGF tərəfindən sertifikatlar təqdim edilib.

Qeyd edək ki, seminar sabah Göyçay şəhərində davam edəcək.