Xəbərlər

Dünya çempionatı: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

05 oktyabr 2026 - 09:45 12

Bakıda keçirilən cüdo üzrə dünya çempionatında bu gün Azərbaycanın dörd cüdoçusu mübarizəyə qoşulacaq.

 

İkinci yarış günündə qadınlar arasında Gültac Məmmədəliyeva (52 kiloqram), kişilər arasında isə Turan Bayramov, Nizami İmranov və Ruslan Paşayev (hamısı 66 kiloqram) tatamiyə çıxacaqlar.

 

Məmmədəliyeva 1/16 finalda israilli Gefen Primonu, Paşayev Serdar Rahimov (Türkmənistan) / Adrian Nieto Çinarro (İspaniya) cütünün qalibini sınağa çəkəcək.

 

Bayramov və İmranov isə mübarizəyə təsnifat mərhələsindən start verəcəklər. Onlar müvafiq olaraq, Lukas Saha (Finlandiya) və Vaja Marqvelaşvili (Gürcüstan) ilə qarşılaşacaqlar.

 

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına oktyabrın 11-də yekun vurulacaq. Yarışın ilk günündə Azərbaycan cüdoçusu Əhməd Yusifov (60 kiloqram) dünya çempionu olub.