Dünya çempionatında 2 qızıl, 1 gümüş medal və olimpiya lisenziyası
22 sentyabr 2023 535

Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam edir.
Yarışın 6-cı günündə 4 çəkidə yunan-Roma güləşi üzrə mübarizəyə start verilib.
Çempionata 1/8 finaldan qoşulan Eldəniz Əzizli (55 kq) yaponiyalı Tayqa Onişiyə 3:1 hesabıyla qalib gəldikdən sonra qazaxıstanlı Marlan Mukaşyov üzərində inamlı qələbə qazanıb - 6:0. Yarımfinalda ötən il Bakıda keçirilmiş Dünya Kubokunda məğlub etdiyi iranlı Puya Dad Marzla qarşılaşan millinin kapitanı rəqibini 3:2 hesabıyla üstələyərək 3-cü dəfə dünya çempionatının finalına yüksəlib. Əzizli həlledici görüşdə gürcüstanlı Nuqzari Tsurtsumiayla qarşılaşıb. Növbəti dəfə tanış rəqibini tam üstünlüklə (13:4) məğlub edən Eldəniz müstəqillik tariximizdə yunan-Roma güləşində ilk 3 qat dünya çempionu olub.
Sənan Süleymanov (77 kq) ilk mərhələdə finlandiyalı Conni Sarkkinendən güclü olub - 5:1. Həmyerlimiz 1/16 finalda amerikalı Kamal Beyə tam üstünlüklə (8:0) qalib gəlib. Süleymanov daha sonra moldovalı Aleksandrin Qutuya gücünü göstərib - 3:1. Milli üzvü 1/4 finalda qazaxıstanlı Demeu Jadrayevi yolundan kənarlaşdırıb - 5:1. Sənan yarımfinalda ermənistanlı Malxas Amoyanla qarşılaşıb. Prinsipial görüşdə 5:0 hesablı inamlı qələbə əldə edən güləşçimiz dünya çempionatının finalına yüksəlməklə yanaşı, 77 kq-da ölkəmizə olimpiya lisenziyası qazandırıb. Süleymanov finalda Olimpiadanın gümüş medalçısı və son dünya çempionu Akjol Mahmudovla güləşib. Qırğızıstan idmançısı sonuncu xal prinsipinə əsasən (1:1) qalib gəlib və Sənan 2-ci dəfə dünya çempionatında gümüş medal qazanıb.
Rafiq Hüseynov (82 kq) da mübarizəyə 1/8 finaldan start verib və macarıstanlı Erik Şilvassiyə minimal fərqlə (4:3) qalib gəlib. Təcrübəli pəhləvanımız 1/4 finalda əsl xarakter nümayiş etdirib. Rusiyalı Aues Qonibovla görüşdə 0:5 hesabıyla geridə olsa da, ikinci hissədə inanılmaz geridönüş edən titullu güləşçimiz 10:5 hesablı qələbəyə sevinib. Yarımfinalda türkiyəli dünya və Avropa çempionu Burhan Akbudakla görüş gərgin mübarizə şəraitində keçib. Hüseynov fasiləyə 0:5 hesabıyla geridə yollanıb. Ancaq növbəti dəfə əzmkar güləşçi olduğunu isbatlayıb. Hesabı bərabərləşdirən (5:5) Rafiq sonuncu xal prinsipinə əsasən 3-cü dəfə dünya çempionatının finalına adını yazdırıb. Güləşçimizin finaldakı rəqibi iranlı Əlirza Mohmadipiani olub. Rəqibini 2:1 hesabıyla üstələyən təcrübəli güləşçimiz 2-ci dəfə dünya çempionluğunun sevincini yaşayıb.
Beka Kandelaki (130 kq) təsnifat mərhələsində gürcüstanlı Yakobi Kajayaya sonuncu xal prinsipinə əsasən (1:1) məğlub olub.
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Avropa çempionatına hazırlaşırlar
Azərbaycanın gənc cüdoçuları Nabranda təlim-məşq düşərgəsində iştirak edirlər.
Bu barədə Azərbaycan Cüdo ... Ətraflı

Azərbaycan boksçusu erməni rəqibinə qalib gələrək Avropa çempionu olub
Azərbaycan boksçusu Əminə Tağı Avropa çempionu tituluna yiyələnib.
50 kiloqram çəkidə ... Ətraflı