Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar
02 oktyabr 2026 - 14:54 24
Bakıda keçirilən üzgüçülük üzrə Dünya Kubokuna ikinci yarış gününə start verilib.
Azərbaycan təmsilçilərindən Abdurrəhman Rüstəmov, Amin Oruclu, Anastasiya Boborıkina, Fərhad Şirməmmədli, Mehri Abdurəhmanlı, Məryəm Cavadova, Ramal Sadıqlı, Ramil Vəlizadə, Oqtay Hüseynov, Səid Həmidov, Süleyman İsmayılzadə, Vlastilina Xasyanova və Yeqor Maynitski ümumilikdə 8 növdə bacarıqlarını nümayiş etdiriblər.
Kişilərin 1500 metr məsafəyə sərbəst üsulla yarışı gərginliyi və dinamikası ilə diqqət çəkib. 60 dövrəlik yarışda hər kəsdən sürətli olan belçikalı Lukas Anvo (14:34,98) birinci olub. Onu Almaniya təmsilçisi Sven Şvarts (14:35,41) izləyib. ABŞ idmançısı Karson Foster (14:40,83) üçüncü yerə çıxıb.
Yeqor Maynitski 200 metr məsafəyə qarışıq növdə (2:03,69), Anastasiya Boborıkina isə 100 metr məsafəyə brass üsulu ilə yarışda (1:15,32) Azərbaycan rekordunu yeniləyib.
50 metr məsafəyə brass üsulu ilə yarışda Yeqor Maynitski, 100 metr məsafəyə sərbəst üsulla yarışda Ramal Sadıqlı, 1500 metr məsafəyə sərbəst üsulla yarışda isə Amin Oruclu və Fərhad Şirməmmədli şəxsi rekordlarını yaxşılaşdırıblar.
Axşam seansında bir idmançımız mübarizə aparacaq. Fatimə Alkərəmova 400 metr məsafəyə qarışıq üsulla yarışda çıxış edəcək.
Final mərhələsi saat 18:00-da start götürəcək.
Xatırladaq ki, turnirdə 44 ölkədən ümumilikdə 216 üzgüçü mübarizə aparır.
Azərbaycanı yarışda 15 idmançı təmsil edir. Bunlar Ramil Vəlizadə, Abdurrəhman Rüstəmov, Səid Həmidov, Süleyman İsmayılzadə, Oqtay Hüseynov, Fərhad Şirməmmədli, Ramal Sadiqli, Amin Oruclu, Fatimə Alkərəmova, Məryəm Cavadova, Anastasiya Boborıkina, Anastasiya Qnusina, Mehri Abdurəhmanlı, Vlastilina Xasyanova və Yeqor Maynitskidir.
Qeyd edək ki, Dünya Kubokunun Bakı mərhələsinə oktyabrın 3-də yekun vurulacaq.
Bənzər xəbərlər
Bakıda üzgüçülük üzrə Dünya Kuboku start götürüb
Bakıda üzgüçülük üzrə Dünya Kubokuna start verilib.
İlk yarış günündə idmançılar ... Ətraflı
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib.
Su İdmanı Sarayında ... Ətraflı