Eldəniz Əzizli dördüncü dəfə dünya çempionu oldu
30 oktyabr 2024 1114
Albaniyanın paytaxtı Tiranada güləş üzrə böyüklər arasında dünya çempionatına start verilib. Mundiala yunan-Roma güləşçiləri başlayıblar.
Təmsilçilərimizdən Eldəniz Əzizli (55 kq) dünya çempionatına albaniyalı Bayram Sina üzərində inamlı qələbəylə start verib – 8:0. Millinin kapitanı 1/4 finalda çinli Haifenq Janqa heç bir şans verməyib – 9:0. Dünya çempionumuz yarımfinalda rumıniyalı Denis Mihayı vaxtından əvvəl xalçadan məyus yola salıb – 9:0. Eldəniz finalda iranlı Poya Marzla qarşılaşıb. Rəqibinə sonuncu xal prinsipinə əsasən (1:1) qalib gələn E.Əzizli ardıcıl 3-cü dəfə dünya çempionu olub. Ümumilikdə dünya çempionatında titullarının sayını 4-ə çatdıran Eldəniz Azərbaycan güləş tarixində yeni rekord müəyyənləşdirib.
Komandamızın digər üzvü Nihat Məmmədli (63 kq) ilk mərhələdə amerikalı İldar Hafizova vaxtından əvvəl qalib gəlib – 10:0. Gənc güləşçimiz 1/8 finalda bolqarıstanlı Abu Muslim Amayevi “tuş”la üstələyib. N.Məmmədli daha sonra belaruslu Qleb Makarankaya gücünü göstərib – 5:0. Nihat yarımfinalda isə ermənistanlı Karen Aslanyan üzərində inamlı qələbəylə (6:1) adını finala yazdırıb. Güləşçimiz həlledici qarşılaşmada qazaxıstanlı Yerjet Jarlikassinə də şans verməyərək (6:1) ilk dəfə dünya çempionu olub.
Mübarizəyə 1/8 finaldan başlayan Ülvü Qənizadə (72 kq) gürcüstanlı Otar Abuladzedən güclü olub – 5:1. Həmyerlimiz növbəti mərhələdə xorvatiyalı Dominik Etlingerə vaxtından əvvəl qalib gəlib – 9:0. Ü.Qənizadə yarımfinalda çinli Ji Lenqi xalçadan məyus yola salıb – 6:0. Ülvü finalda fransalı İbrahim Qanemə 3:2 hesabıyla qalib gələrək ilk dəfə böyüklər arasında dünya çempionu olub.
Qurban Qurbanov (82 kq) debütdə albaniyalı Kevin Kupini mübarizədən kənarlaşdırıb – 9:0. Milli komandamızın üzvü 1/8 finalda macarıstanlı Erik Silvassiyə 1:2 hesabıyla məğlub olub. Rəqib finala yüksəldiyi üçün təsəlliverici görüşə çıxan Q.Qurbanov özbəkistanlı Jalqasbay Berdimuratova qalib gəlib – 5:0. Qurban bürünc medal uğrunda qarşılaşmada türkiyəli Ahmet Yılmazla bacarmayıb – 1:8.
Bənzər xəbərlər
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı
Azərbaycan gimnastları beynəlxalq turniri 12 medalla başa vurublar
Portuqaliyanın Santarem şəhərində batut gimnastikası və tamblinq üzrə ənənəvi SCALABISCUP ... Ətraflı