Xəbərlər

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025 könüllü proqramının ilk mərhələsinə start verildi!

16 may 2025 77

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025 çərçivəsində keçiriləcək könüllülük proqramının seçim mərhələsinə start verib. Yarışa hazırlıq işləri çərçivəsində elan olunan könüllü qeydiyyatı ilk gündən etibarən böyük maraqla qarşılanıb və cəmi iki gün ərzində 31 minə yaxın müraciət daxil olub.

 

Hazırda müraciətlərin qiymətləndirilməsi prosesi davam edir. İlk mərhələdən uğurla keçən 14 minə yaxın namizəd növbəti mərhələyə – fərdi müsahibələrə dəvət olunub. Seçim prosesi başa çatdıqdan sonra təxminən 2000  könüllünün yarış həftəsində iştirakı nəzərdə tutulub. 

 

Seçim zamanı yüksək motivasiyalı, güclü ünsiyyət və komanda ilə səmərəli işləmə bacarığı olan namizədlərə üstünlük verilir. 

 

Könüllülər yarış həftəsi ərzində müxtəlif  istiqamətlərdə – media və kommunikasiya,  azarkeşlərin qarşılanması və yönləndirilməsi, informasiya dəstəyi və digər təşkilati istiqamətlərdə fəaliyyət göstərəcəklər.

 

Könüllülük proqramı iştirakçılara beynəlxalq miqyaslı tədbirdə təcrübə qazanmaq, yeni tanışlıqlar, peşəkar mühitdə işləmək və fərdi bacarıqlarını inkişaf etdirmək imkanı yaradır.

 

Ənənəyə sadiq qalınaraq bu il də könüllülər Formula 1 yarışının yüksək səviyyədə təşkili və keçirilməsində əhəmiyyətli rol oynayacaqlar.