Xəbərlər

Fransa dövləti “Paris-2024”ə görə kövrək təbəqəyə qarşı sosial təmizləmə aparır

06 iyun 2024 788

“Paris -2024” Yay Olimpiya Oyunları ilə əlaqədar artıq Fransanın İl-de-Frans regionundan 5224 insan əyalətlərə deportasiya edilib.

 

Bu barədə 90-a qədər assosiasiya və qrupu özündə birləşdirən “Le Revers de la médaille” assosiasiyalar kollektivi məlumat yayıb.

 

Bildirilib ki, Olimpiya və Paralimpiya Oyunlarının təşkili Paris küçələrində yaşayan evsiz insanların deportasiya edilməsini daha da sürətləndirib. Son il ərzində 12 545 insanın təhlükəli mənzillərdən çıxarıldığı, lakin onlara yaşayış yeri təklif edilmədiyi qeyd olunub.

 

Həmçinin əvvəlki illərlə müqayisədə bu il 3500-ə yaxın insanın öz yerlərindən (gecəqondulardan və küçələrdən) qovulduqları vurğulanıb ki, bu da 38,5 faiz artım deməkdir. “Medecins du monde” assosiasiyasının sözçüsü isə bunun Olimpiya Oyunlarından əvvəl planlı şəkildə sosial təmizləməni əks etdirdiyini deyib.

 

Assosiasiyalar qrupundan bildirilib ki, Fransa cəmiyyətin ən həssas insanlarına qarşı pis rəftar edir, İl-de-Frans regionu dövlət orqanlarının arzuolunmaz hesab etdiyi bəzi insanlardan təmizlənir. Kollektiv ən həssas və kövrək təbəqəyə qarşı aparılan sosial təmizləməni pisləyib.

 

Məlumata görə, oxşar əməliyyatlar Paris regionundan kənarda, xüsusən də bəzi yarışlara ev sahibliyi edəcək şəhərlərdə də həyata keçirilib. Belə ki, Bordo şəhərində “Matmyut Atlantik” stadionunun yanında yaşayan 500 nəfər və Lill şəhərindəki “Matisse” parkı yaxınlığındakı gecəqondudan 60 nəfər qovulub.

 

Kollektiv Olimpiya Oyunları zamanı aksiyaları istisna etməyib.